"Bu ilin sonuna kimi neftin qiymətində artım müşahidə olunacaq" - Millət vəkili

İQTİSADİYYAT 28 sen 2018, 20:41
"Neftin bahalaşması Azərbaycan iqtisadiyyatının daha da güclənməsi deməkdir”
 
Bunu "Sherg.az”a iqtisadçı, millət vəkili Vahid Əhmədov bildirib.
 
Onun sözlərinə görə, neftin bahalaşması ölkəmizin xeyrinədir:
 
" "Qara qızıl"ın bahalaşması bizim üçün müsbət haldır. Çünki Azərbaycan neft ixrac edən ölkədir. "Qara qızıl”ın ixracından əldə edilmiş gəlirlə biz milli valyutamızın məzənnəsini daha möhkəm sabitləşdirə bilərik. Hazırda neftin qiymətinə təsir edən əsas faktor dünyada baş verən siyasi hadisələrdir. 
 
Son zamanlar ABŞ-ın İrana qarşı sanksiya tətbiq etməsi bazarda hərəkətliliyi artırdı. Atrıq oktyabr ayında ABŞ sanksiyanı həyata keçirmək niyətindədir. Bu amil də neftin qiymətini bir daha yüksəldəcək. Bundan başqa Donald Trampın digər neft ixrac edən ölkələrə də təzyiq etməsi "qara qızıl”ın qiymətini qaldırır. 
 
Bu kimi siyasi hadisələr davam etdikcə neftin qiyməti yüksələn dinamika ilə davam edəcək. Bu ilin sonuna kimi neftin qiymətində artım müşahidə edəcəyik. Amma gələn il "qara qızıl”ın hansı trenddə olacağını proqnozlaşdırmaq mümkün deyil. Artıq onu 2019-cu ildə baş verən siyasi proseslər göstərəcək”.
 
Qeyd edək ki, Azərbaycan nefti yenidən bahalaşıb. Ölkəmiz dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,06 dollar və yaxud 0,07% artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 82,98 dollar/barelə bərabər olub. "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top