"Peyklərimiz Azərbaycanda təhlükəsizliyin təmin olunmasına xidmət edəcək" - Deputat Sədaqət Vəliyeva

MARAQLI 28 sen 2018, 12:21

“Azərbaycan bu gün üç peyki, bu sahənin inkişafına dair uzunmüddətli proqramları, infrastrukturu ilə dünyanın kosmik klubunun üzvüdür və qlobal kosmik sənayedə öz mövqelərini möhkəmləndirir”. 


Demokrat.Az xəbər verir ki, bu fikirləri Azadinform-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. 


Millət vəkili bildirib ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb: 


“Ötən illər ərzində Azərbaycanın “Azerspace-1” və “Azərsky” adlı 2 peyki orbitə buraxılıb. Ötən gün isə “Azerspace-2” adlı 3-cü peykimizin orbitə buraxılması bir daha dövlətimizin gücünü və cənab prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan inkişaf siyasətinin yüksək səmərəsini göstərir. Biz bunu həm də ölkəmizin iqtisadi uğuru kimi qəbul etməliyik. Çünki peyklərimiz vasitəsilə Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və Qafqaz regionunda telekommunikasiya sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edilir. Hətta cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti bütün dünya üzrə, o cümlədən “Google” da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir”.


Millət vəkili qeyd edib ki, Azərbaycan peyklərinin orbitə çıxarılması respublika üçün siyasi, iqtisadi-sosial və elmi baxımdan olduğu kimi, strateji baxımdan da böyük əhəmiyyət kəsb edir: 


“Peyklərimizin kosmosa çıxarılması Azərbaycanın etibarlı informasiya təhlükəsizliyi sisteminin formalaşmasını təmin etməklə yanaşı, ümumən, telekommunikasiya sisteminin inkişafına ciddi təkan verir. Telekommunikasiya peykinin fəzaya buraxılması ölkənin bütün ərazisində internet, beynəlxalq telefon danışıqları, televiziya yayımı və peyk xidmətlərinin keyfiyyətini daha da yüksəldir. Eyni zamanda, peyklər vasitəsilə xəritəçəkmə, hidrometeorologiya, yerin təkinin öyrənilməsi, geodeziya işlərinin yüksək səviyyədə aparılması mümkün olacaq. Bir sözlə, prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq orbitə çıxarılmış peyklərimiz Azərbaycanımızın daha da inkişafına, ən əsası daha etibarlı müdafiəsinə, təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top