"Hərbi komissarlıqda işləmək üçün 180 min verdim" - Rəis işləyən polkovnik

KRİMİNAL 27 sen 2018, 21:18

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Könül Kərimovaya və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın məhkəməsi keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmişlər dindirilib.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev ifadə verib. O deyib ki, təqsirləndirilən M.Məmmədovaya 180 min manat pul verib: “O vaxt Müdafiə Nazirliyində işləyirdim, Hərbi Komissarlıqda vəzifəyə keçmək üçün 180 min verdim. Sonra iş alınmadı, pulumu geri qaytardılar”.

 

M.Məmmədova deyib ki, R.Quliyevi vəzifəyə təyin etdirəcəyini deyən adam sonradan həbs olunub. Proses oktyabrın 4-də davam etdiriləcək.

 

İttihama görə, M.Məmmədova bir neçə şəxsə müxtəlif vədlər verərək 300 minə yaxın pul alaraq qaytarmayıb. O, müğənni K. Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. M.Məmmədova əvvəllər də dələduzluqda ittiham olunub və şərti cəza alıb.

 

Diqqəti çəkən məqam polkovnik Rəsul Quliyevin hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin Qazax rayon şöbəsinin rəisi işləməsidir. Özü etiraf edir ki, Müdafiə Nazirliyində işləyərkən Hərbi Komissarlıqda vəzifəyə keçmək üçün 180 min verib. Məlahət Məmmədova bu işi “düzəldə” bilmədiyi üçün pulunu qaytarıb. Ancaq görünən budur ki, polkovnik Rəsul Quliyev başqa vasitə və ya vasitəçi ilə istəyini gerçəkləşdirə bilib. Necə, bu suala məhkəmədə cavab verilməyib…

 

Lakin maralıdır, əvvəla, polkovnik Rəsul Quliyev Hərbi Komissarlıqda vəzifəni hansı yolla əldə edib? Bunun üçün əvvəl M.Məmmədovaya 180 min manat pul verən polkovnik Rəsul Quliyev bu dəfə “işini” kimin vasitəsilə və neçəyə düzəldə bilib?

 

İkincisi, Azərbaycan qanunvericiliyində işə düzəlmək, vəzifə əldə etmək məqsədilə rüşvət verilməsi də cinayət məsuliyyəti yaradır. Rüşvətvermə aktiv rüşvətxorluq sayılır və ona qarşı Cinayət Məcəlləsininin 312-ci maddəsində nəzərdə tutulmuş cəzalar tətbiq edilir. Məhkəmə niyə polkovnik Rəsul Quliyevlə bağlı cinayət işinin açılmasına dair qərar qəbul edərək, işi prokurorluğa göndərməyib?

 

Nəhayət, üçüncüsü Azərbaycanın hüquq-mühafizə orqanları polkovnik Rəsul Quliyevin bu “səmimi etirafına” diqqət yetirəcəklərmi?

 

O da ayrıca araşdırılmalıdır ki, Müdafiə Nazirliyində işləyərkən bu polkovnik 180 min manatı (söhbət yəqin ki, devalvasiyadan qabaq olub – red.) necə, hansı yollarla əldə edib? 

 

Bu suallara müvafiq qurumların və polkovnik Rəsul Quliyevin cavabını dərc etməyə çalışacağıq…

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top