Bakı meriyası “Qarabağ mitinqi”nə icazə verdi

HADİSƏ 26 sen 2018, 23:43

Bakı şəhər İcra Hakimiyyəti bir qrup siyasi partiya və ictimai təşkilat nümayəndəsinin 29 sentyabrda “Qarabağ mitinqi” keçirmək barədə müraciətinə müsbət cavab verib.


Demokrat.Az -ın məlumatına görə, bu haqda mitinqin Təşkilat Komitəsinin üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.


Təşkilatçılar əvvəldən bəyan ediblər ki, mitinq siyasi müxalifətin aksiyası deyil və hakimiyyətə münasibətlə əlaqədar siyasi şüarlar, tələblər qoyulmur və səsləndirilməyəcək.


“29 sentyabr “Qarabağ mitinqi” ideyası Azərbaycan ictimaiyyətinin ölkə daxilində, habelə xaricdə yaşayan ən geniş təbəqələri tərəfindən müdafiə olunur və mitinqdə iştirak edəcəkləri barədə minlərlə insanın çağrışları KİV- də, sosial şəbəkələrdə, əhali arsındakı canlı müzakirələrdə səslənib”, – təşkilatçılar bəyan ediblər.


Beləliklə, Qarabağ Komitəsinin “Qarabağ mitinqi”nin keçirilməsi ilə bağlı müraciətinə bu gün saat 15.00 radələrində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavab verilib.


BŞİH-dən verilən cavabda göstərilir ki, mitinq 2018-ci il sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində,”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək.


“Hamını Qarabağ mitinqinə çağırırıq. Gəlin bir yerdə olaq, Qarabağımıza azadlıq tələb edək. “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ təcili azad edilməlidir!”, “Erməni murdarları torpaqlarımızdan dərhal rədd olub getməlidirlər!”- budur şüar və tələblərimiz”,-təşkilatçılar bildiriblər. / Modern.az /

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top