"Nikol Paşinyan ciddi psixi pozuntular keçirir" — Deputat Elman Nəsirov

SİYASƏT 26 sen 2018, 18:51

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında Dağlıq Qarabağla bağlı səsrsəm çıxışlar etməsinə münasibət bildirib.


E.Nəsirov "Ölkə.Az"a açıqlamasında deyib ki, Ermənistan rəhbərinin bu cür çıxışlar etməsi işğalçı ölkənin sülh danışıqları istəməməsinin beynəlxalq tribunadan açıq nümayişidir:


"Paşinyanın bu cür çıxışlar etməsi Dağlıq Qarabağda müharibənin alovlanmasında katalizator rolunu oyanyır, müharibəni sürətləndirir. Əslində Nikol Paşinyan bu cür çıxışlar etməklə erməni ziyalılarının müzakirə etdiyi məsələnin reallıq olduğunu təsdiqləyib. Bu gün Ermənistan ziyalıları arasında da müzakirə olunur ki, Nikol Paşinyanın ciddi əqli problemləri mövcuddur. Yəni, Paşinyanın psixi pozuntular keçirtməsi artıq bəlli olur. Çünki Paşinyan BMT tribunasından bəyan edir ki, ermənilər qlobal millət olduğu üçün qlobal təhdidləri daha yaxşı hiss edirlər. Təsəvvür edin ki, bu cür çıxışlar nə qədər absurd və mənasız yanaşmalardır. Yalnız əqli pozuntuları olan adamlar bu cür fikirlər söyləyə bilərlər. Paşinyan deyir ki, ermənilər qlobal millətdir. Çin Xalq Respublikasının əhalisinin sayı 1.5 milyard nəfərə çatıb, iqtisadi potensialı ABŞ-a bərabərdir. Çin dünyanın ən güclü ikinci güc mərkəzidir. Ancaq indiyədək bu dövlət heç zaman deməyib ki, çinlilər qlobal millətdir. Bu cür fikirləri yalnız Nikol Paşinyan səviyyəsində əqli problemi olan insanlar söyləyə bilərlər. Bilirsiniz ki, BMT-nin 6 dili var. İndi Paşinyanın həmin çıxışı da bu dillərin hər hansı birinə tərcümə edilən zaman bunu başa düşən insanların gözləri bərələcək ki, Paşinyan nə cəfəngiyyat danışır".


Deputat qeyd edib ki, Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı səsləndirdiyi cəfəng fikirlərdən biri isə Dağlıq Qarabağla bağlı olub:


"Paşinyan bu cür çıxışı ilə bir daha təsdiqlədi ki, onun Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək fikri yoxdur. Onun başqa niyyətləri var. Paşinyan dünya ictimaiyyətini çaşdıraraq deyir ki, Azərbaycan bizimlə hərbi ritorika ilə danışır. Mən deyim ki, Azərbaycan hər zaman danışıqlara hazırdır. Məhz Nikol Paşinyan danışıqlardan yayınır, Azərbaycana qarşı şərtlər irəli sürür və sairə, sonra da Azərbaycanı guya danışıqları pozmaqda ittiham edir. Paşinyan BMT tribunasından cəfəng çıxışlar edərək deyir ki, Azərbaycanın Qarabağa iddiaları var və sairə. Əvvəla, Azərbaycanın Dağlıq Qarabağa heç bir iddiası yoxdur. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi və hüquqi torpaqlarıdır. Bu torpaqları işğalçı erməni hərbi birləşmələri zəbt edib. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Amma fikir verin görün ki, Paşinyan dünya ictimaiyyətini necə çaşdırmağa çalışır".


Son günlər Ermənistan ordusunun aviasiya bölmələrinin Qarabağda təlim uçuşları həyata keçirməsi məsələsinə də toxunan E.Nəsirov bildirib ki, Ermənistana məxsus SU-25 hərbi döyüş təyyarələrinin Qarabağada uçuşlar etməsi Paşinyan hakimiyyətinin öz aləmində Azərbaycana "əzəzlə nümayişi" etməsinin göstəricisidir:


"Ancaq Paşinyan hələ inqilabın eyforiyasındadır. O, dərk etmir ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusu həmin erməni hərbiçilərini necə darmadağın etmişdi. Həmin vaxtı erməni ordusu sabun köpüyü kimi dağılmışdı. Çox təəssüf ki, hazırda ermənilər işğal altında olan Azərbaycan ərazilərində hava təlimləri də həyata keçirirlər. Həm ölkə Konstitusiyasına, həm də Beynəlxaıq Aviasiya Təşkilatının Nizamnaməsinə görə, Azərbaycanın hava məkanına daxil olan hər hansı yad cismin vurulması qanun çərçivəsindədir. Biz bunu həyata keçirə bilərik. Sadəcə olaraq, Azərbaycan münaqişənin həlli istiqamətində sülhpərvər mövqeyini hələlik davam etdirir. Ölkə başçısı cənab İlham Əliyev də qeyd edib ki, biz sülh prosesinə sadiqik. Lakin hər şeyin bir limiti var. Münaqişənin necə sonluqla başa çatması Ermənistandan asılıdır. Bunun üçün Ermənistan işğala son qoymalı və öz siyasətində düzəlişlər etməlidir. Əgər bu düzəlişlər olmasa, o zaman Azərbaycanın başqa yolu qalmayacaq. Bunun da bütün məsuliyyəti Nikol Paşinyanın üzərinə düşəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top