"Dollar kreditləri ilə bağlı banklar güzəştə getməlidir" - Siyavuş Novruzov bankları TƏNQİD ETDİ

SOSİAL 26 sen 2018, 11:39

“Kreditlər məsələsinə həmişə dövlət büdcəsi ilə bağlı müzakirələrdə baxmışıq, yəqin ki, budəfəki büdcə müzakirələrində də bu məsələ diqqətimizdə olacaq. Ən əsas şərt vətəndaşdır, vətəndaşın hüquqları birinci növbədə qorunmalıdır”.


Demokrat.Az-ın məlumatına görə, bunları YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində dollar kreditləri problemi ilə bağlı sualı cavablandırarkən deyib.

Deputat əlavə edib ki, bu problemin həlli üçün “ortaq nöqtə”nin tapılması vacibdir.

“Mülkiyyətin formaları mövcuddur. Hər bir mülkiyyət qorunan mülkiyyətdir, şəxsi mülkiyyət də, dövlət mülkiyyəti də, özəl mülkiyyət də. O baxımdan da qəbul olunan qərarda mülkiyyət formalarının hər bir tərəfi nəzərə alınmalıdır ki, ortaq nöqtə tapılsın”.

Bunula belə, S.Novruzov hesab edir ki, dollar kreditləri probleminin həlli ilk növbədə banklardan asılıdır.

“Bilirsiniz, özəl banklar var ki, bu dövr ərzində kifayət qədər pul qazanıblar. Məsələn, dollarla depoziti 3 faizə götürürlər, amma krediti 11-12 faizə verirlər. Uzun illər ərzində bundan banklar qazanıb. Özəl banklar indi bunu dövlətin üstünə yükləməməlidir, özləri də məsuliyyətlərini dərk etməlidir və ortaya çıxmalıdırlar. İkinci tərəfdən, vətəndaşlarla bağlı fikrimi bildirim. Vətəndaş var ki, bu krediti zərurətdən götürüb. Deməli, o nəzərə alınmalıdır, bu, böyük təhlilə ehtiyac olan məsələdir. Kredit götürüb ki, iş yerləri açsın, fermer təsərrüfatı yaratsın. Biri də kefdən kredit götürüb ki, 100 minlik maşın alsın. Bununla digər vətəndaş tərəzinin eyni gözünə qoyula bilməz. O gəlib zəhmət çəkməli, həmin pulu ödəməlidir. Deyir “yağmadı yağış, bitmədi qamış”. Tutaq ki, quraqlıq olub, yaxud təsərrüfatına xəstəlik düşüb və nəticədə krediti qaytara bilmirsə, bunlar sığortalanmalı və nəzərə alınmalıdır. Bank da buna güzəştə getməlidir. Ancaq kim ki, maşınını dəyişib, daha bahalısını sürmək istəyib, bunun üçün kredit götürüb, zəhmət çəksin, gedib kreditini ödəsin! Biz təhlillər aparmışıq, Azərbaycanda kreditlərin böyük hissəsi, 50 faizindən çoxu məhz ikinci hissəyə aiddir. Əmək haqqının miqdarına, dolanışıq səviyyəsinə baxmayaraq, bəhsə girib daha yaxşı maşın almaq istəyib. Burada əhalinin bütün təbəqələrinə aid olan şəxslər var. Gedib maşın alıb, banka girov qoyub, indi də bankla üz-üzə qalıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top