“Yəqin ki, Allahın yaratdığı cənnətdə də cinayət hadisəsi törədilir” - Aqil Abbas

SOSİAL 23 sen 2018, 14:28
 
“Bakının ən təhlükəsiz şəhər kimi əllilikdə yer alması bizim hüquq-mühafizə orqanlarının işidir, dövlətin, dövlət başçısının apardığı uğurlu siyasətinin nəticəsidir”
 
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas Bakının ən təhlükəsiz şəhər kimi 41 şəhər arasında yer almasına münasibət bildirərkən deyib. A.Abbas bildirib ki, postsovet məkanında ən az cinayət Azərbaycanda törədilir:
 
 
“Nə İstanbul, nə də Moskva heç vaxt təhlükəsiz şəhər olmayıb. Bununla bağlı yazılar da yazmışam və bildirmək istəyirəm ki, postsovet məkanında ən az cinayət Azərbaycanda törədilir. İkincisi də cinayətlərin üstünün isti izlərlə açılmasına görə Azərbaycan yenə birinci yerdədir. Postsovet məkanında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Qaldı ki, Bakının ən təhlükəsiz şəhər kimi əllilikdə yer alması bizim hüquq-mühafizə orqanlarının işidir, dövlətin, dövlət başçısının apardığı uğurlu siyasətinin nəticəsidir. Ölkədə əmin-amanlıq var, həm xüsusi xidmət orqanları, həm də Daxili İşlər Nazirliyinin uğurlu işinin nəticəsidir ki, ölkədə asayiş təmin olunub. Ölkədə cinayətkar qruplar məhv edilib. Təbii ki, hər bir ölkədə cinayət hadisəsi olur. Yəqin ki, Allahın yaratdığı cənnətdə də cinayət hadisəsi törədilir. Məsələn, ali və orta məktəblərdə narkomaniyaya, cinayətkarlığa və başqa məsələlərə qarşı tədbirlər keçirilir, profilaktik tədbirlər görülür. Bu mənada ona görə də Bakı təhlükəsiz şəhərlər sırasına daxil olub. Bir daha qeyd etmək istəyirəm ki, bu hüquq-mühafizə orqanlarının, xüsusi ilə də Daxili İşlər Nazirliyinin uğurlu işinin nəticəsidir”. 
 
 
Xatırladaq ki, dünya şəhərlərinin 2018-ci ildə yüksək cinayətkarlıq səviyyəsinə görə tərtib olunan reytinqdə ilk beşliyə, həmçinin Karakas (Venesuela), Port-Morsbi (Papua-Yeni Qvineya), Fortaleza (Braziliya) və Durban (Cənubi Afrika Respublikası) daxil edilib. Bununla yanaşı, ekspertlər dünyanın ən təhlükəsiz üç şəhəri sırasında Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Doha (Qətər) və Bazelin (İsveçrə) adını çəkiblər.
 
 
Siyahıya ümumilikdə 327 şəhər daxildir. Ən təhlükəsiz 41 şəhər arasında yer alan Bakı reytinqdə ABŞ, Kanada, Avropa və MDB-nin bir çox məşhur şəhərlərini, o cümlədən Los-Anceles, Çikaqo, Toronto, Paris, Berlin, London, Madrid, Roma, Brüssel, Moskva, Sank-Pterburq və İstanbulu qabaqlayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top