“Əgər piyada gedib səkiyə ilişib yıxılıbsa, bu onun öz günahıdır” - Hüquqşunaş

SOSİAL 23 sen 2018, 13:59
Redaksiyamıza müraciət edən adının çəkilməsini istəməyən sürücü başına gələn bir hadisəylə bağlı ona kömək etməyimizi istəyib. Sürücü deyir ki, bu yaxında idarə etdiyi avtomobillə yol gedərkən qəfildən qarşısına on yaşında qız uşağı qaçıb. Yolda təyin olunmuş sürət həddi ilə hərəkət edən sürücü dərhal əyləcə basaraq avtomobili yerində dayandırıb. Yola qaçan piyada isə yolu keçərək yol qırağındakı səkiyə ilişərək yıxılıb. Avtomobildən düşən sürücü onu yerdən qaldıraraq səhhəti ilə maraqlanıb, həkimə aparmağı təklif edib. Piyadanın valideynləri qızlarının sürücüyə qəza şəraiti yaratmasını dərk etmək əvəzinə, sürücüdən şikayət edəcəklərini bildiriblər. 
 
 
Bəs belə hadisələrdə sürücüdən şikayət oluna bilərmi?
 
 
Hüquqşunaş Ərşad Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, bu kimi hallarda sürücüdən şikayət etmək əsassızdır, çünki o, üzərinə düşən hər şeyi edib:
 
 
“Piyada keçidi təyin olunmamış yolda sürücü qanunun ondan tələb etdiyi hər şeyi edib, yəni avtomobili tam olaraq saxlayıb, piyadanı vurmayıb. Əgər piyada gedib səkiyə ilişib yıxılıbsa, bu onun öz günahıdır. Avtomobil piyadanı vursaydı belə hadisə qanun çərçivəsində aydınlaşdırılmalı idi. Sürücüdən qanun tələb edir ki, maneə olan zaman avtomobili dayandır, sürücü bunu edibsə və bundan sonra piyada yol qırağında yıxılıbsa, bu onun öz problemidir. Əgər piyadanın adamları şikayətçi olduqlarını iddia edərlərsə, polisə müraciət edərək bunu qanun çərçivəsində həll etmək olar. Bu zaman isə piyadanın adamları yox, sürücü haqlı çıxacaq”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top