“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?” - Nura Suri

MARAQLI 22 sen 2018, 21:06
“Gündəlik sosial şəbəkələr vasitəsi ilə  insan beyninə daxil olan lazımsız məlumatlar o qədər beyinləri zibilləyib ki, insanlar artıq buna öyrəşiblər”
 
Bunu Moderator.az-a açıqlamasında müğənni Nura Suri son zamanlar efirlərimizdə reytinq adı altında mənəviyyatımızı korlayan verilişlərə münasibət bildirərkən deyib. Müğənni bununla bağlı müvafiq qurumların tədbir görməməsindən də gileylənib:
 
 
“Bu gün televiziyalarımızdakı verilişlər sizi qane etmədiyi kimi, heç kimi qane etmir. Reytinqi nəyə əsasən təşkil edirlər? Reytinq sözüylə niyə insanların beynini çirkləndirirlər? Məsələn, filankəsin xəbəri az oxundu, amma o biri xəbər daha çox oxundu. Onsuz da insanların məlumat almağa beyinləri öyrəncəlidir.  Gündəlik sosial şəbəkələr vasitəsi ilə  insan beyninə daxil olan lazımsız məlumatlar o qədər beyinləri zibilləyib ki, insanlar artıq buna öyrəşiblər. O məlumatları yazmasalar, belə verilişlər təşkil etməsələr, efirə yaraşmayan insanları efirə çıxarmasalar, insanlar yavaş-yavaş buna öyrəşəcəklər. Bəyəm televiziyaları kütlə idarə edir? Bu verilişləri təşkil edənlər ilk növbədə düşünməlidir ki, bunu ilk növbədə öz adıma yaraşdırıramı? Əgər insan bunu fikirləşərsə, düşünürəm ki, biz nəyisə dəyişə bilərik. Danışırıq, sözümüzü deyirik, amma heç nə dəyişmir. 
Məhəl qoyan yoxdur, konkret olaraq heç bir tədbir görülmür. Mən bir vətədaşam, vergi ödəyicisiyəm və mənim də haqqım var fikrimi bildirəm. Efirlərdən narazılıq etdiyimi bilənlər deyirlər ki, bunu reytinq üçün edirəm. O reytinq quran adamlar gəlib məndən və ailəmdən soruşmayıb ki, mən hansı kanala baxıram. Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?! 
 
Yaxşı deyək ki, biz bir qırağa qaldıq. Xaricdə bizim kanallara hamının baxmaq imkanı var. Bir xarici vətədaş Azərbaycan haqqında məlumat almaq istəsə, bizim efirə baxsa, o, bizim haqqımızda nə məlumat alacaq. Ancaq onu-bunu təhqir etmək kimi ifadələr eşidəcək. Maqazin verilişlərində müğənniyə yaxınlaşıb müsahibə alanda sənət bir qıraqda qalır, başqa müğənni haqda sual verib qalmaqal yaradırlar. Sonra da deyirlər ki, müğənni nə iş görüb. Mənim gördüyüm işi işıqlandırmaq istəmirsən axı. Disklərimin təqdimatını edəndə jurnalistləri dəvət edirəm. Təqdimata gələn jurnalist işim haqqında yazmaq, təhlil etmək əvəzinə, ümumu verdiyim Press-relizi yazır və orda olan başqa məşhurlardan müsahibə alır. Mənim də işim bir kənarda qalır. Bu axı hörmətsizlikdir. Bununla biz hara gedib çıxacağıq?!”
 
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkədə televiziyalarımızdakı verilişlərlə bağlı status yazan müğənni Nuranı həmkarları da dəstəkləyib. Müğənni yazdığı statusunda bildirib ki, milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunmalıdır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top