"Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək oldu" -Səməd Seyidov

SİYASƏT 19 sen 2018, 16:18

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Görüşdə komitənin sədr müavini Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli, Sahib Alıyev, Nəsib Məhməliyev, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirov və digər komitə üzvləri iştirak ediblər.


S.Seyidov qardaş ölkədə bu il iyunun 24-də keçirilən seçkilərdə AKP-nin inamlı qələbə qazanması münasibətilə Bozkıra təbriklərini çatdırıb və bildirib ki, Türkiyə Cümhuriyyəti bundan sonra daha sürətlə inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətləri sırasında öz yerini möhkəmləndirəcək. 


Azərbaycan-Türkiyə münasibətlərindən məmnunluqla söz açan S.Seyidov durmadan inkişaf edən siyasi, iqtisadi, ticarət və digər sahələrdəki əlaqələrimizdən söhbət açıb.


Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən S.Seyidov ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib. 


S. Seyidov bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər:


“Bunun bariz nümunəsi 15 sentyabrda keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm hərbi paradda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakıdır”.


V. Bozkır Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.


TBMM-in Xarici işlər komissiyasının sədri ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluq hissi duyduğunu bildirib. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top