İşıqsız "AAAF Park"da baş verənlər... - Kimlər sakinləri zülmətə qərq edir ?

SOSİAL 18 sen 2018, 17:19

Son zamanlar "Azərenerji" və "Azərişıq"da baş verən və böyük təhlükə mənbəyinə çevrilmiş təxribatçı şəxslərin əməllərindən bütün vətəndaşlar külli miqdarda ziyan çəkməkdədir. İndi hamı düşünür ki, kim və nə üçün bu hoqqaları çıxarır? Azərişıq rəhbərliyi dəyişdi, amma bu qurumda olan hoqqabazlar təmizlənmək əvəzinə daha da kök atırlar. Abşeron rayonu Xırdalan şəhərində camaatın gününü qara edən, bu çətin dönəmdə soyuducusunda olan-qalan azuqəsini də zibilliyə tökdürən "zibilləri" Azərişıqdan təmizləyəcək biri tapılacaq?!
Yeni dəb, yeni nəfəs gəlir şəhərin memarlığına, sevinirik. Bu sevinci gözümüzdə qoyan, puldan doymayan, özbaşnalıq, qoçuluq edən, Azərişığın satış departamentinə bu səlahiyyəti kim verib?


Yeni tikilmiş binalarda, yaşayış komplekslərində, planlı şəkildə yeyinti yeri yaratmaq üçün təhvil alınmamış stansiyalara verilən enerji dayandırılır. Ayın sonu gəlməmiş, aylıq borcu tikinti şirkətindən tələb edib, sakini yol bağlamağa təhrik edən bu şəxlərin məqsədi nədir?


Boşalmış ciblərin doldurulması planı beləmi icra olunur? Minlərlə sakini olan "AAAF Park"ın sakini kimi sual verib, cavab tələb edirəm! Aylıq ödənişi vaxtında edilən, avqust ayı üzrə heç bir borcu olmayan kompleksin işıqları niyə bir sutkaya yaxındır yanmır?


Sentyabr ayı ortasına çatmadan, sən məmur kimə və niyəsə pul çatdırmalısan deyə, 90 000 gəlməsə işıq açılmayacaq bəyanatı verməklə nə etmək istəyirsən? Azərişıq sənin dədəndən qalma mirasındı, ya şəxsi mülkündür? 12 saatdır camaat döymədiyi qapı qalmayıb, əvvəl xahiş edir, sonra etiraza qalxıblar. Sizsə pulum gəlsin deyib, kabinetdə kef çəkirsiz. Budu sizin xalqa xidmətiniz? Elə bilirsiz bu dövlətdə qarşıdurma yaratmaq istəyənlərin məhz bu təşkilatda toplaşdığı görünmür? Deyirlər borc var? Kim deyirsə ona üzümü tuturam, yalançının atasına lənət!!! Bəsdirin də camaatı boğaza yığdız! 


Cənab Prezident, Sizdən bütün Xırdalan şəhəri "AAAF Park" yaşayış kompleksinin sakinləri adından xahiş edirəm, hər ay cürbəcür bəhanələrlə sutkalıq işıqları söndürü, tələb etdiyini alandan sonra və ya camaat yola töküləndən sonra işığı yandıran bu şəxslərin məkirli niyyətlərini ürəklərində qoyun. Bu camaata yazığınız gəlsin. Bu gün Azərişığın Abşeron rayonu və mərkəzi satış departamenti milləti nə yolla olur-olsun ayağa qaldırmağa can atırlar. Bunu dillərinə gətirməyə də çəkinmirlər. Konkret olaraq, Azərişıq satış departamentinin rəisi kimi özünü təqdim edən Ələkbər Əliyev adlı şəxs "camaat ayğa qalxır, qalxsın. Bu bizi maraqlandırmır " deyib. Bu özbaşnalıq, bu təxribatlar kimin marağındadır?! Niyə araşdırılmır?! Ümid edirəm ki, səsim yuxarılara çatacaq. Yoxsa bu məmurlar qaşınmayan yerdən, mütləq qan çıxarmaq misyalarını lazımınca icra edəcəklər.

 

Səbuhi Axundov

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top