"Azərbaycan Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik heç bir addım atmır" - Deputat Elman Nəsirov

TƏHLİL 18 sen 2018, 14:58

“Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər verdiyi bəyanatlara şərh verməyin özü çox qəliz məsələdir. Hesab edirəm ki, bu yerdə siyasi şərhdən daha çox psixiatr rəyinə ehtiyac var. Çünki o, elə sərsəm bəyanatlar verir ki, onu yalnız həkimlər aşkarlaya bilərlər ki, əqli baxımdan bu adamda nə baş verməkdədir”.

Bunları Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Ermənistanın baş naziri Nikol Paşinyanın son günlərdə Azərbaycanla, Dağlıq Qarabağla bağlı sərsəm bəyanatlarını AzNews.az-a şərh edərkən dedi. O, Azərbaycan prezidentinin Mətbuat katibi Azər Qasımovun məsələyə operativ və düzgün reaksiyasına da münasibət bildirdi.

Deputatın sözlərinə görə, bir neçə gün öncə Paşinyan belə bir nitqlə çıxış etdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın üç əsgərini öldürüb. Lakin Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib etdi və kökündən yanlış informasiya olduğunu vurğuladı. Məlum oldu ki, bu, Paşinyanın öz şəxsi xülyasıdır:

“Paşinyanın son bəyanatına gəldikdə, görünür, o, Azərbaycan və Türkiyə prezidentlərinin birlikdə keçirdikləri hərbi paraddan vahiməyə düşüb və görəndə ki, Azərbaycan və Türkiyə silahlı qüvvələri yanaşı dayanıblar, Azərbaycan ordusu dünyada 50 ən güclü ordu sırasındadır, çox ciddi şəkildə narahatlıq keçirib. Vahimiyə düşən insanın isə psixikasında qeyri-normal şeylərin baş verməsi mümkündür. İndi də o, özünün əqli problemlərindən çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Kopmandan cənab İlham Əliyevin oğlunun Azərbaycanda ən döyüşəqabil hərbi hissələrdən birində hərbi xidmətə başlamasına fərqli don geydirmək istəyib. Mövqeyi belədir ki, guya o, öz oğlunu Dağlıq Qarabağa göndərib. Əvvəla, onun oğlunu Dağlıq Qarabağa göndərməsi beynəlxalq hüquqa ziddir. Çünki Dağlıq Qarabağ bütün dünya dövlətləti tərəfindən Azərbaycan torpaqları olaraq tanınır. Bu günə qədər də heç bir dövlət Dğalıq Qabağı müstəqil bir dövlət kimi tanımayıb. Ermənistan özü belə tanımayıb. Belə olan təqdirdə o öz oğlunu separatçı rejim üçün hərbi xidmətə göndərirsə, bundan böyük qanun pozuntusu yoxdur”.

 

E.Nəsirov qeyd etdi ki, bu gün erməni müxalifəti, erməni mətbuatı açıq şəkildə qeyd edir ki, Paşinyanın oğlu əslində işğal altındakı Cəbrayıl rayonunda sərhəddə “xidmət edir”. Sadəcə olaraq, adı orada gedir. Özünü isə hər zaman Xankəndidə istirahət edərkən görürlər. Cənab İlham Əliyevin oğlu isə bir daha qeyd edirəm ki, ən döyüşəqabil hərbi hissələrin birində xidmət edir. Bu da o deməkdir ki, bu hərbi hissənin kontingeti istənilən vaxt ön cəbhədə qaynar döyüşlərdə iştirak edə bilər.

 

Deputata görə, Azər Qasımov məsələyə operativ və çox düzgün reaksiya verib. Bu reaksiya real vəziyyəti tam aydın şəkildə ifadə edir:

 

“Paşinyana elə gəlir ki, Sarkisyanın hakimiyyətdən devrilməsi yalnız onun adı ilə bağlıdır. Amma çox böyük səhv edir. Məsələ ondadır ki, Azərbaycan dövlətinin işğalçı Ermənistana, onun keçmiş rəhbəri Sarkisyana münasibətdə tətbiq etdiyi davamlı və kəskinləşən iqtisadi, eləcə də nəqliyyat sanksiyaları, həmçinin blokada və təcrid siyasəti öz nəticəsini verdi. Yəni Ermənistan elə bir vəziyyətə gəldi ki, Sarkisyan təbii olaraq çökdü. Azər Qasımovun da yerində olan bu reaksiyası o deməkdir ki, Paşinyan bundan dərs çıxarsın. O, Azərbaycanın daxili işlərinə qarışmaq siyasətindən əl çəkməsə, Azərbaycan da analoji yolu seçsə, Paşinyan eynilə Sarkisyanın taleyini yaşamalı olacaq. Amma Azər müəllim həm də onu qeyd edir ki, bu, hələ ki bizə lazım deyil. Çünki Paşinyanın hakimiyyətdə olması müəyyən mənada bizə sərf edir. Ermənistan daha da zəifləyir və işğalçı dövlətin dağılması sürətlənir. Bu baxımdan, Azərbaycan hələ ki, gözləmə mövqeyini tutub. Ona görə də Paşinyan indiki halda papağını qarşısına qoyub düşünməlidir, əgər papağı varsa…”.

Xatırladaq ki, Azərbaycan prezidentinin Mətbuat katibi Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatını şərh edərkən deyib:


- Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir. Əvvəla, bu onu göstərir ki, Paşinyan siyasətdə təsadüfi bir fiqurdur, beynəlxalq münasibətlərdən xəbərsizdir. Paşinyan Azərbaycanın daxili işlərinə müntəzəm olaraq öz burnunu soxur. Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq. Sarkisyan diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq, indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top