"Heydər Əliyevin əsgər getməsi hamı üçün bir nümunədir" - Komitə sədri

MARAQLI 17 sen 2018, 14:38

"Cənab Prezidentin oğlu Heydər Əliyevin hərbi xidmətə getməsi hamı, o cümlədən bütün məmur övladları üçün nümunəvi addımdır. Əgər Prezidentin oğlu hərbi xidmət edirsə, bəs başqaları nə üçün qulluq etməməlidir? Bu baxımdan da Heydər Əliyevin əsgər getməsi Azərbaycan xalqı üçün bir nümunədir. Buna görə də ölkə başçısının övladının bu cür nümunəvi hərəkəti hamı tərəfindən alqışlanır və yüksək qiymətləndirilir".


Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib. 


E.İbrahimov deyib ki, Prezident İlham Əliyevin övladının hamı kimi hərbi xidmətə getməsi əvvəlcədən gözlənilən addım idi:


"Bütün Azərbaycan övladları kimi, Heydər Əliyev də Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Misal var ki, igid oğul ataya, babaya bənzər. Heydər Əliyevin əsgər getməsi də bunun bariz nümunəsidir. Bu başqa cür də ola bilməzdi. Çünki Heydər Əliyev cənab İlham Əliyev kimi bir valideyndən tərbiyyə alıb. O, Ulu Öndər Heydər Əliyevin nəvəsidir. Heydər Əliyevin Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hissəsində xidmət etməsi də təsadüfi deyil. Çünki o da babası Ulu Öndər Heydər Əliyev yolunun davamçısıdır. Yəni, Heydər Əliyev babasının getdiyi yolla gedir. Bu isə çox vacib amildir. İnanıram ki, Heydər Əliyev nümunəvi əsgər kimi hərbi xidməti başa vurub geri qayıdacaq".


Komitə sədri əlavə edib ki, Azərbaycanda hamı kimi, məmur övladları da hərbi xidmətə gedirlər:


"Bəzi adamlar bu barədə ağızına gələni danışır. Ancaq bütün bunlar cəfəngiyyatdır. Azərbaycanda məmur övladları da hamı kimi əsgər gedirlər. Burada başqa cür ola da bilməz".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top