Məcburi köçkün məktəblilər İKT üzrə biliklərə yiyələniblər - FOTOLAR

SOSİAL 17 sen 2018, 10:45

Sentyabrın 14-də Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinin bağlanışı və kodlaşdırma müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Bu barədə Demokrat.Az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və komitə əməkdaşları tədbirdə iştirak ediblər.


Fuad Hüseynov bildirib ki, Ermənistanın təcavüzü və işğal siyasəti nəticəsində bir milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasını tərk etmək və köçkün həyatının ağır məhrumiyyətlərini yaşamaq məcburiyyətində qalıb. Yalnız ulu öndər Heydər Əliyevin xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra məcburi köçkün soydaşlarımız dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial problemlərinin həllini dövlətimiz daim diqqət mərkəzində saxlayıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin də sosial siyasətinin prioritet istiqamətlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı layihələrin icrasını nəzarətdə saxlayır.


Köçkünlüyün ilk illərində bu kateqoriyadan olan vətəndaşlar maddi çətinliklərlə üzləşib. O zaman beynəlxalq təşkilatlar tərəfindən humanitar yardımlar göstərilib. Belə yardımlar bu gün də davam etdirilir, məcburi köçkünlər yaşayan ərazilərdə bir sıra layihələrin icrası dəstəklənir.


Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov ölkəmizdə təhsilin inkişafına yüksək dövlət qayğısı göstərildiyini, Prezident İlham Əliyevin məktəblilərin İKT üzrə müasir biliklərə yiyələnməsinin zəruriliyi məsələsinə böyük diqqət yetirdiyini vurğulayıb, maarifçi gənclərin təşəbbüsünü yüksək dəyərləndirib və onlara təşəkkürünü bildirib. Qeyd edib ki, “Code for future” təşəbbüsünün ilk layihəsi olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinin yaradılması təqdirəlayiq hadisədir. Texnologiyanın inkişaf etdiyi dövrdə bir qrup cəbrayıllı məktəblinin İKT və proqramlaşdırma üzrə yiyələndiyi biliklər onların gələcək təhsili və iş fəaliyyəti üçün çox faydalı olacaq.


Tədbirdə “Code for future” təşəbbüsünün həmtəsisçisi Xalisə Şahverdiyeva və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Mişel Petersen çıxış ediblər.


Daha sonra qaliblərin mükafatlandırılması mərasimi olub.


Qeyd edək ki, Azərbaycanın bir qrup maarifçi gəncinin səyləri nəticəsində ərsəyə gələn “Code for future” təşəbbüsünün ilk layihəsi olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinə bu ilin iyul ayında start verilib. Biləsuvar rayonunda 11 qəsəbədə VII-IX sinif şagirdlərinin iştirak etdiyi layihədə məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənib, Scratch, HTML və Paython kimi proqramlaşdırma dilləri ilə tanış olublar. “Code for future” proqramı ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədi ilə dəstəklənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top