"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsaq müstəqilliyimizi itirəcəyik" — Vahid Əhmədov

SİYASƏT 14 sen 2018, 17:38

"Nikol Paşinyanın Azərbaycana qarşı söylədiyi təhdidedici fikirlərin arxasında Rusiya dövləti dayanır".


Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat, Azərbaycanın Baş nazirinin sabiq birinci müavini Vahid Əhmədov bildirib. 


Deputat deyib ki, tarixən olduğu kimi, indi də Ermənistanın arxasında Rusiya dayanır:


"Ermənistanın arxasında hər zaman Rusiya dayanıb. Bunu başa düşmək lazımdır. Əgər fikir versəniz, görərsiniz ki, son vaxtlar mətbuatda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması barədə yazılar dərc olunur, hətta, bəzi millət vəkilləri buna müsbət yanaşdığını bildirir və sairə. Ancaq mən düşünürəm ki, buna qətiyyən yol vermək olmaz. Bu, Azərbaycana qarşı təxribatdır. Əgər müstəqillimizi itirmək istəyiriksə, bu başqa məsələ, o zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilərik". 


V.Əhmədov qeyd edib ki, Əbülfəz Elçibəy başda olmaqla, AXC-Müsavat hakimiyyəti 1992-1993-cü illərdə rus qoşunlarını Azərbaycandan çıxaranda çox əziyyətlər çəkib:


"Bundan sonra yenidən gedib kiminsə qoltuğu altına girmək və kiməsə "böyük qardaş" deməyin vaxtı artıq keçib. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir, kifayət qədər dövlətçilik təcrübəsi var. İndi dövlət başçımız Azərbaycanın xarici siyasətini çox normal aparır. Ona görə də Azərbaycana qarşı bu cür təxribat xarakterli addımlar olacaq. Çünki Rusiya Azərbaycanı əldən vermək istəmir, buna görə də təzyiq və təhdidlər artır. Azərbaycan artıq Avropa ilə müəyyən iqtisadi layihə sənədləri imzalayıb, təbii qazı Avropaya satır. Təbii ki, bütün bunlar Rusiyanın xoşuna gəlmir. Ona görə də Rusiya ya işğalçı Ermənistan, ya da digər vasitələrlə Azərbaycana qarşı təzyiqlər edir. Misal var ki, ayının min oyunu bir armuda görədir. İndi bizə qarşı bu qədər təhdidlər və təzyiqlər də Azərbaycanı əldə saxlamaq üçündür. Mən hər zaman demişəm ki, Rusiya dünyada kifayət qədər tanınan güclü və böyük dövlətdir. Azərbaycan da qonşu ölkə kimi Rusiya ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri qurub, bu gün dövlətlərarasında normal münasibətlər var. Bütün bunlar tam haqq verir ki, Azərbaycan Rusiya ilə bərabərhüquqlu qarşılıqlı münasibətlər yaratsın. Azərbaycanda kimsə də Rusiya ilə digər formada əlaqələrin olmasını arzu etmir. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan dövlətdir. Ona görə də Azərbaycanın müstəqil dövlət kimi heç bir hərbi ittifaqda yer alması mümkün deyil. Tutalım ki, biz sabah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulduq. Bəs bu tərəfdən NATO, Avropa bizə nə deyəcək? Bəzən deyirlər ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması Dağlıq Qarabağ məsələsinin həllinə kömək edə bilər. Bilirsiniz, bu inandırıcı deyil. Əgər Rusiya Dağlıq Qarabağ məsələsini həll etmək istəsə, bir neçə saatın içərisində bu mümkün olar. Məgər Dağlıq Qarabağ münaqişəsini mən yaratmışam? Rusiya yaradıb da! Bu gün də Rusiya bu münaqişədən Ermənistana və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına o zaman üzv ola bilər ki, Dağlıq Qarabağ məsələsi birdəfəlik həll edilsin. Yalnız bundan sonra Azərbaycanın bu təşkilata üzvlüyü məsələsinə baxmaq olar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top