“Elçibəyi bu dərəcədə aşağılamaq tərbiyəsizlikdir” - Deputatdan Tolikə SƏRT CAVAB

HADİSƏ 13 sen 2018, 08:50

“Sosial şəbəkələrdə teleaparıcı olan Tarix Əliyevin (Tolik) Əbulfəz Elçibəyi aşağılayan fikirlərini qətiyyətlə pisləyir və lənətləyirəm”. 


Demokrat.Az xəbər verir ki, bunu millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. 


O, bildirib ki, Tolikin fikrini Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə xüsusi yeri ilə fərqlənən Ə.Elçibəyin və onunla bərabər olan, bütün ambisiyalardan uzaq, bütün varlığı ilə bu mübarizədə iştirak edən çoxmilyonlu xalqımıza qarşı təhqir kimi qiymətləndirir: 


“Mən Əbülfəz Elçibəyin hakimiyyət dövrünü kəskin tənqid edənlərdən biriyəm və düşüncələrimdə dəyişməzəm. Lakin Ə.Elçibəyin, hətta adi soydaşımızın belə, şəxsiyyətinin təhqir olunmasını tamamilə yolverilməz hesab edirəm.

Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətləri inkar olunmazdır. Həqiqətən də Ulu Öndərimiz olmasa idi ölkəmiz hələ də fəlakətlər içərisində çırpınmaqda idi. Bu nəhəng tarixi şəxsiyyətin adını önə çəkərək, milli müstəqilliyimizin və məmləkət bütövlüyümüzün səmimi carçılarından biri olan Ə.Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyəsizlikdir”.


Xatırladaq ki, bir neçə gün əvvəl Tolik sosial şəbəkələrdə eks-prezident Ə. Elçibəy haqqında təhqiramiz ifadələr işlətmişdi və bu narazılığa səbəb olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top