"Rusmeyilli adamların fikirlərini ciddiyə almaq lazımdır" - Etibar Məmmədov

SİYASƏT 12 sen 2018, 12:55

"Azərbaycan işğalçı Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyünü özü bərpa etmək barədə düşünməlidir. Daha kiməsə ümid etməklə bu reallaşan məsələ deyil". 


Bu fikirləri Demokrat.Az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov bildirib. 


E.Məmmədov deyib ki, ermənilər Azərbaycan torpaqlarını müharibə yolu ilə zəbt ediblər:


"Ona görə də ermənilər heç zaman öz xoşları ilə bu torpaqlardan çıxmayacaqlar. Azərbaycan yalnız hərbi yol tətbiq etmək və hərbi gücü artırmaqla Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa məcbur etməlidir. Münaqişənin yeganə həlli yolu da məhz budur. Bəzən siyasətşünaslar sadəlövcəsinə deyirlər ki, guya Vladimir Putinin Nikol Paşinyandan xoşu gəlmir, torpaqlar geri qayıdacaq və sairə. Putinin Paşinyandan xoşu gəlsə də, gəlməsə də ermənilər və Ermənistan Rusiyanın tarixi müttəfiqidir. Bu səbəbdən də ermənilər əleyhlərinə olan heç bir məsələyə razılıq verməz. Yəni, Qarabağın həlli ilə bağlı Rusiyaya ümid etmək ermənilərə ümid etmək kimi bir şeydir".


Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi son fikirlərə də toxunan E.Məmmədov qeyd edib ki, Paşinyan da  əvvəlki Ermənistan rəhbərləri kimi millətçidir:


"Vaxtilə Azərbaycanda bəzi adamlar Nikol Paşinyanın hakimiyyətə gəlməsini toy-bayram kimi qəbul edirdilər, Ermənistandakı hakimiyyət dəyişikliyinin Azərbaycan üçün faydalı olacağını düşünürdülər. Ancaq anlamırlar ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Dağlıq Qarabağla bağlı eyni dövlət siyasəti xətti mövcuddur. Bu siyasi xətt isə hər zaman Azərbaycanın əleyhinədir. Ona görə də həmin şəxsləri bu cür ümidlərdən uzaq ollamağa çağırıram".


E.Məmmədov Rusiya prezidenti Vladimir Putinin sentyabrın 25-də Azərbaycana edəcəyi səfərlə bağlı da danışıb:


"Mən bu səfərdən də Qarabağın həlli ilə bağlı heç bir irəliləyiş gözləmirəm. Putin indiyədək də Bakıya gəlib-gedib. Məgər hər hansı irəliləyiş olub? Çox təəssüf ki, belə bir vəziyyətdə bəzi adamlar Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa çağırır. Bu doğru çağırış deyil. İlk növbədə Azərbaycanın mənafeyləri üstün olmalıdır. Bütün daxili müzakirələr də yalnız Azərbaycanın mənafeyi ətrafında gedə bilər. Azərbaycanda Rusiyameylli adamlar hər zaman olub və bundan sonra da olacaq. İndi onların fəallaşması da təsadüfi deyil. Rusmeyilli adamların fikirlərini ciddiyə almaq lazımdır. Çünki onlar getdikcə daha da güclənə bilərlər. Burada əsas məsələ Azərbaycanın milli mənafeylərinin bunu tələb edib-etməməsini nəzərə almaq lazımdır. Düşünrəm ki, indiki halda bu Azərbaycanın mənafeylərinə cavab vermir. Ona görə də Azərbaycan heç bir hərbi ittifaqa üzv olmamamaldır. Azərbaycan nə NATO, nə də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alıb böyük dövlətlərin toqquşmasında iştirak etməməlidir".


Demokrat.Az 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top