Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır

HADİSƏ 11 sen 2018, 23:23

Bu gün Azərbaycanın münasibətlərini dinamik şəkildə inkişaf etdirdiyi ölkələr sırasında ön yerlərdən birini Pakistan tutur. Tərəflər arasında əlaqələr artıq qarşılıqlı münasiəblərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə olduğunu göstərir. Hərbi, siyasi, iqtisadi müstəvidə uğurla inkişaf edən əlaqələr hər iki ölkə üçün daha böyük dividendlər vəd edir.

Qeyd olunan məqamlar Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ilə Pakistan Senatının sədr müavini Səlim Mandivala arasında baş tutan görüşdə də xüsusi diqqət mərkəzində yer alıb. Bildirilir ki, görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən məmnunluq, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolu qeyd olunub, Pakistan Senatının qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkar Ermənistanı qınayan qətnamənin yüksək qiymətləndirildiyi bildirilib. Səlim Mandivala Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu, iqtisadi, ticari, hərbi-texniki, müdafiə, enerji, turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, birbaşa təyyarə reyslərinin açılmasının, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da artırılmasının zəruri olduğunu bildirib.

Görüşdə, həmçinin, iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcək müştərək layihələrin icra olunması və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın iştirakı ilə reallaşmaqda olan ən uğurlu layihələrdən biri qismində çıxış edən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq istəyən ölkələrdən biri də məhz Pakistandır. Hazırda ölkələr arasında sürətlə inkişaf edən sahələrdən biri isə hərbi sferadır. Ümumiyyətlə, Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq zaman keçdikcə daha da dərinləşir və möhkəmlənir. Pakistanlı politoloq, Pakistan Milli Müdafiə Universitetinin əməkdaşı Səid Sahibzadənin sözlərinə görə, son on il ərzində Pakistan ordusunda Azərbaycanın təqribən 100 hərbi birləşməsi döyüş hazırlığı keçib. Pakistan hərbi rəhbərliyinin Azərbaycana mütəmadi səfərləri isə ikitərəfli hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.
Səid Sahibzadə onu da vurğulayıb ki, Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan dördüncü nəsil “JF-17 Thunder” çoxməqsədli qırıcı təyyarəsini əldə etmək niyyətini dilə gətirib. “JF-17 Thunder” hava kəşfiyyatı aparmağa, yer hədəflərinə qarşı sarsıdıcı hücum həyata keçirməyə və qarşı tərəfin hava hədəflərini tutmaq, yaxud məhv etməyə qadirdir. Bu mənada, pakistanlı politoloqa görə, Azərbaycanla Pakistan arasında hərbi-müdafiə sahəsində, məsələn, tapançaların, idarə olunan hərbi sursatların və tank əleyhinə raketlərin birgə istehsalında böyük potensial mövcuddur.
Qeyd edək ki, "JF-17 Thunder" yüngül, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Qırıcı ilk növbədə Pakistan hava qüvvələrinin təlabatını ödəmək üçün Pakistan Aviasiya Kompleksinin və Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası tərəfindən hazırlanıb. "JF-17 Thunder" "hava-hava", "hava-yer" raketləri, döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırki Rusiya istehsalı olan təyyarələrlə müqayisədə bir çox üstünlüyə malikdir. Məsələn, analoqu hesab olunan MİQ-29 cəmi 2 ton faydalı yük götürərək raketlərlə maksimum 60 kilometr məsafədə olan hədəflərə zərbə endirə bilir. "JF -17 Thunder" isə 3 ton yüklə 100 kilometr məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir.

Bu arada Pakistanın “The Quwa Defence News & Analysis Group” hərbi xəbərlər və analiz qrupu bildirir ki, "JF -17 Thunder" Azərbaycan ordusuna digər parametrlər bxımından da üstünlük qazandıra bilər. Bildirilir ki, həmin təyyarələrə Azərbaycanın Türkiyədən alıdğı SOM qanadlı raketlərinin quraşdırılması "JF -17 Thunder"in döyüş qabiliyyətini dah ada artıra bilər. Analitik qrup bildirir ki, Türkiyənin “Roketsan” şirkəti tərəfindən işlənib hazırlanan SOM qanadlı raketlərinin çəkisi 600 kiloqrama yaxın, atəş mənzili 250 kilometrdir. Hazırda Türkiyənin Hərbi Hava Qüvvələri həmin raketləri özünün F-16C və F-4 qırıcılarında yerləşdirib. Qeyd olunur ki, Azərbaycan 2017-ci ilin noyabrında Türkiyədən SOM raketlərini sifariş edib. Ehtimal edilir ki, SOM-A və SOM-B1/B2 raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələrinə güclü müdafiə imkanları verməklə yanaşı, müəyyən olunmuş və potensial olaraq hərəkətdə olan hədəflərə dəqiq zərbə imkanları da yaradır. Bu raketlər peyk siqnalları ilə idarə edilən inersial naviqasiya sistemlərinə əsaslanır. Analitik mərkəz qeyd edir ki, Azərbaycanın bu raketləri almasının Pakistanın aviasiya kompleksinə və "JF -17 Thunder" qırıcılarına da aidiyyəti ola bilər. Azərbaycanın Pakistandan "JF -17 Thunder" qırıcılarını almağa maraq göstərdiyi bir neçə il əvvəldən məlumdur. Bu barədə danışıqlar aparılıb, hətta tərəflərin müqavilə imzalamağa yaxın olduğu haqda xəbərlər də yayılıb. Mərkəz hesab edir ki, Pakistanın Aviasiya Kompleksi "JF -17 Thunder" qırıcılarını Azərbaycana satmağa hələ də maraq göstərirsə, o zaman bu təyyarələrdə SOM qanadlı raketlərinin quraşdırılması ən azından kommersiya baxımından əhəmiyyət kəsb edir.

Mərkəzin analitiklərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri üçün təkcə bu raketi daşımaqdan ötrü yeni qırıcı platformasına investisiya qoymaq az əhəmiyyət daşıya bilərdi. Lakin digər tərəfdən SOM raketlərinin "JF -17 Thunder" qırıcılarına inteqrasiya edilməsi Pakistan tərəfdən bu təyyarələrin cəlbediciliyini artırmaq üçün əlavə effekt olardı:

“SOM raketlərinə malik olan Azərbaycan bir neçə variantdan birini seçə bilər”. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, Azərbaycan "JF -17 Thunder" təyyarələrini almaqla hərbi gücünü xeyli artıracaq və bu halın da Ermənistanda ciddi əndişə yaratması qaçılmaz sayılır. (baki-xeber.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top