"İlham Əliyevin Soçiyə səfəri zamanı Paşinyan vahimə içərisində olub" - Deputat Elman Nəsirov

SİYASƏT 11 sen 2018, 19:26

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Ermənistan rəhbəri Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.


E.Nəsirov "Ölkə.Az"a açıqlamasında deyib ki, Nikol Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxarıb:


"Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri zamanı N.Paşinyan və onun komandası vahimə içərisində bu xəbəri eşitdi ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri bundan sonra da inkişaf etdiriləcək və Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar alıb və bundan sonra da bu siyasət davam etdiriləcək. Belə bir vəziyyətdə Paşinyan böyük bir vahimə içərisində tələm-tələsik Rusiya paytaxtına səfərə getdi. Bu səfərin uğursuz nəticələrini proqnozlaşdırmaq elə də çətin deyildi. Paşinyan güman edirdi ki, Moskvaya gedib Prezident Vladimir Putinə “biz sizin strateji müttəfiqinizik, sizin ən yaxın dostunuzuq, hər zaman Rusiyanın yanıdayıq” deməklə Rusiya prezidentini məmnun edəcək və yenə də ikibaşlı siyasətini davam etdirəcək. Ancaq Nikol Paşinyan yanılır. Çünki Rusiya kimi nəhəng dövləti idarə edən mahir siyasətçi V.Putin bunun N.Paşinyanın ikiüzlü siyasəti olduğunu, qeyri-səmimi davrandığını bilir". 


Deputat qeyd edib ki, Putin Paşinyana qətiyyən inanmır:


"Rusiya prezidenti necə Paşinyana inana bilər ki, o, Putinlə məsləhətləşmədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etdirir? Putin Paşinyana necə inana bilər ki, onun mədəniyyət naziri təyin etdiyi şəxs "Ermənistanda rus dili qadağan edilməlidir" kimi bəyanatlar verir? Milli Təhlükəsizlik Şurasının sədri qoyduğu Armen Qriqoryan antirusiya davranışı ilə Moskvada çox məşhurdur. Ona görə də hesab edirəm ki, Paşinyan-Putin danışıqlarını uğursuzluğa düçar oldu. Ümumilikdə Paşinyanın atdığı addımlar Moskvanın diqqətindən yayınmır”. 

 

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top