Elman Nəsirov: "Bizim də taleyimizə koronavirusla mübarizə və müharibə düşüb"

SOSİAL 06 iyn 2020, 20:35

“Heç kəsə sirr deyil ki, dünya koronavirus pandemiyası ilə müharibə vəziyyətindədir. Ola bilsin ki, dünya bir döyüşü udub, amma müharibəni udmayıb. Azərbaycan da bu döyüşü udan dövlətlər sırasındadır. Amma pandemiyaya tam qalib gələ bilməmişik”.

 

Demokrat.az bildirir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat qeyd edib ki, bu sahədə həmrəylik, birlik yüksək səviyyədədir: “Məsuliyyət hiss ilə bağlı eyni şeyləri söyləyə bilmərik. Azərbaycan Prezidenti cənab İlham Əliyev atdığı önləyici, sistemli, ardıcıl addımlar sayəsində koronavirus pandemiyasının ağır nəticələrinin minimuma endirilməsinə nail oldu. Biz həm yerli, həm regional, həm də dünya səviyyəsində bu prosesə öz töhfəmizi veririk. Azərbaycan dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində nümunəvi ölkə kimi göstərilib. Bu, bir həqiqətdir. Bir daha qeyd qeyd edirəm ki, məsuliyyət məsələsində çox ciddi boşluqlar var. Təsəvvür edin, Azərbaycan Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə xalqa müraciət ünvanlayıblar. Mehriban xanım təkcə Birinci vitse-prezident kimi deyil, həm də ana kimi insanlara müraciət edib ki, özünüzü qoruyun. Təəssüflər olsun ki, bir çox insanlar bundan hələ də nəticə çıxarmayıb, karantin rejiminin yumşaldılmasından sui-istifadə hallarına yol veriblər. Ona görə də 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Burada məqsəd birdir: Azərbaycan vətəndaşının sağlamlığını qorumaq! Mən də vətəndaşlarımıza müraciət edirəm ki, ilk növbədə məsuliyyətli olsunlar. Bunu özümüz üçün edirik. Özümüzə qarşı məsuliyyət ailə üzvlərimizə, yaxınlarımıza məsuliyyətli olmaq deməkdir. Hər bir insan məsuliyyətli, nizamlı-intizamlı olarsa, bu bəladan daha tez qurtulmuş olarıq. Bir məsələni xüsusi bildirmək istərdim, hər bir nəslin tarixi məsuliyyəti olur. Babalarımız faşizm ilə üz-üzə qaldı, bu mübarizədə məsuliyyəti üzərlərinə götürdülər. Bizim də taleyimizə, görünür, koronavirus pandemiyası ilə mübarizə və müharibə şəraiti düşüb. Hər bir Azərbaycan vətəndaşını məsuliyyətli, nizamlı-intizamlı olmağa çağırıram. Özün tibbi maska taxmısansa, gözləmə ki, yanında maskasız olana polis yaxınlaşacaq. Özünüz reaksiya verməlisiniz, sözünüzü deməlisiniz. Maska taxmayanlara bildirin ki, tövsiyələrə riayət etmək vacibdir”.

 

E.Nəsirov qeyd edib ki, sərt karantin rejiminin uzadılması vətəndaşların davranışından asılıdır: “Qaydalara əməl ediləcəksə, yoluxma halları azalacaq. Belə olan halda, karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olmayacaq. “Mənə nəsə olmaz”, “Koronavirus boş şeydir” deyib, qaydalara əməl etməyəcəklərsə, karantin rejimi sərtləşdiriləcək”.

 

Deputat iyunun 5-də Bakıdakı mağazalarda sıxlığın baş verməsinə də münasibət bildirib: “Ölkəmizin kifayət qədər taxıl ehtiyatı var. Ümumiyyətlə, 3 aylıq bütün istiqamətlər üzrə ehtiyatlarımız var. Ajiotaj üçün əsas yoxdur. Düşünürəm, insanlar daha çox qanunun tələblərinə əməl edilməsi məsələsində belə operativ olmalıdırlar. Buğda və çörək məsələsində narahat olmasınlar”.

 

E.Nəsirov xatırladıb ki, aprel və may aylarında vətəndaşlara birdəfəlik ödəmə verilib: “Bundan sonra hansı addımın atılacağını müvafiq qurumlar müəyyən edəcəklər”.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top