"Avropa Şurası ölkəmizə qarşı qərəzli mövqeyini dəyişmək niyyətində deyil" — Fəzail Ağamalı

SİYASƏT 06 iyn 2020, 19:17

“Ölkə prezidenti səsləndirdiyi bu fikirlərdə tamamilə haqlıdır və birbaşa olaraq, Azərbaycan dövlətinin, xalqının maraqlarına cavab verən mövqe bildirib”.

 

Demokrat.az bildirir ki, bu fikirləri yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılış mərasimindəki çıxışında Avropa Şurasının (AŞ) Azərbaycana qərəzli yanaşmasının yolverilməz olması haqda bəyan etdiyi fikirlərə münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

 

AVP sədrinin sözlərinə görə, prezidentin AŞ-nin ünvanına səsləndirdiyi fikirlər Azərbaycan dövləti ilə xalqının maraqlarını tam əks etdirir:

 

“Prezident həmin çıxışında həqiqətləri dilə gətirdi. Bütün beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağda keçirilmiş qondarma “seçki”ləri tanımadıqları halda, Avropa Şurası bu məsələdə susqunluğunu pozmadı. Şura bununla da separatçı rejimin yanında olduğunu ortaya qoydu. Bu yanaşmaya fərqli qiymət vermək olmur.

 

Digər tərəfdən, AŞ-nin bu mövqeyi növbəti dəfə göstərdi ki, qurum Azərbaycana qarşı qərəzli siyasətindən imtina etmək niyyətində deyil. O baxımdan, ölkə prezidenti səsləndirdiyi bu fikirlərdə tamamilə haqlıdır və birbaşa olaraq, Azərbaycan dövlətinin, xalqının maraqlarına cavab verən mövqe bildirib.

 

Sözsüz ki, AŞ-nin bu siyasəti fonunda Azərbaycanın bu qurumdakı nümayəndə heyəti öz fəaliyyətini gücləndirməli, ölkəmizin maraqlarını daha qətiyyətlə müdafiə etməlidir”.

 

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top