İlham Əliyevdən Tərtərdə tarixi Qarabağ çıxışı — TƏHLİL

TƏHLİL 05 iyn 2020, 20:31

Bu vətənpərvərlik, bu iradə, bu amal bizi tezliklə Qarabağa qovuşduracaq!


May ayının 21-də Şuşada “inaqurasiya mərasimi” keçirilmiş, qondarma Dağlıq Qarabağ Respublikasının “yeni prezidenti” Araik Arutyunyan xuntanın başına keçmişdi. Elə bu ərəfədə sosial şəbəkələrin Azərbaycan seqmentində “Şuşanın vurulması” barədə çağırışlar gücləndi. Bu çağırışı yayan və dəstəkləyən xeyli vətənpərvər, gerçəkdən Qarabağı işğaldan azad etməyimizi istəyən, bunun üçün hər cür fədakarlığa hazır olan soydaşlarımız da yetərincə idi, ancaq bəzi məqamlar: əsla, diqqətdan yayına bilməz.


O məqamlardan birincisi bu idi ki, çağırış “Şuşa vurulsun” şəklində tirajlanırdı. Niyə bu məsələ gündəmə “Arutyunyanı vuraq”, “andiçmə mərasimini bombalayaq” şəklində yox, məhz “Şuşanı vurulması” formasında gəldi? Deyilə bilər ki, Şuşanın vurulmasına çağırışlar məhz elə qondarma rejimin köhnə və təzə liderlərini, işğalçı Ermənistanın toplantıda iştirak edən nümayəndələrinin məhv edilməsini nəzərdə tuturdu. Məntiqlə elə görsənir, amma bir az diqqətlə baxanda kontekst dəyişir. Əgər Şuşa bizimdirsə, ərazilərimizin və vətən sevgimizin simvoludursa, - ki, məhz belədir- hansı xalq öz məbəd şəhərinin bombalanmasını istəyər?


Sualı belə qoyanda kifayət qədər peşəkarlıqla yönəldilmiş bir manipulyasiya üzə çıxır. Əfsuslar olsun ki, bu manpulyasiyanın arxasında məhz sosial şəbəkələr vasitəsi ilə Azərbaycan ictimai rəyinə müdaxilə edən Ermənistan kəşfiyyatının təsir qrupları görsənir. İdeoloji diversiyanın bir məqsədi yuxarıdakı sualdan aydınlaşır, ermənilər bizim vətən sevgimizi öz əleyhimizə yönəltmək, sosial şəbəkələrin monitorinqini aparan xarici "beyin mərkəzləri"nə mesaj vermək istəyirdilər ki, baxın, azərbaycanlılar Şuşanı- dünya mədəniyyətinin incilərindən olan bir şəhəri bombalamağa çağırışlar edir, vandaldırlar, torpağın əsl sahibi deyillər.


İkincisi, bu çağırışları gündəmə gətirən "təsir qrupları" Azərbaycan hakimiyyətinə qarşı "tədbir"lə bağlı ictimai qınaq yaratmağa, siyasi və hərbi elitanl nüfuzdan salmağa cəhd edirdilər.


Üçüncüsü, əgər Azərbaycan “inaqurasiya”nı qara gətirmək üçün addım atsaydı, o zaman ictimai rəydə qəlibləşməkdə olan yanaşmaya görə, məhz Şuşa vurulmuş olacaqdı ki, bu da ermənilərin anti-propoqanda aparmasına zəmin yaradacaqdı.


Əlbəttə, Dağlıq Qarabağdakı xunta liderlərinin və işğalçı zehniyyət daşıyıcılarının fiziki cəhətdən məhv edilməsi bütün azərbaycanlılar kimi mənim də ürəyimcə olardı, dədə-babamın qəbri düşmən tapdağında olduğundan, belə bir həmləyə hətta çoxlarından daha ziyadə sevinərdim. Ona görə də, bir daha xatırlatmaqda yarar var, söhbət səmimi torpaq yanğısı ilə dilə gələnlərdən yox, ictimai rəyə edilən müdaxilədən, emosiyaların məqsədli şəkildə yönləndirilməsindən, kütləyə qəsdən verilən mesajdan gedir.


Zira, dünyanın heç bir yerində savaşı kütlə aparmır və qazanmır. Müharibələri dövlət, ordu, kəşfiyyat, diplomatlar aparır, millətin iradəsi qalib gəlir. Millətimizin, dövlətimizin və Ali Baş Komandanımızın iradəsi ortadadır. Şuşa da, Xankəndi də Azərbaycan torpağıdır və işğal altındadır. İşğalçı Ermənistanın marionetlərinin Xankəndində, yoxsa Şuşada mərasim təşkil etməsinin elə bir prinsipial fərqi yoxdur- o baxımdan ki, hər iki şəhər bizimdir! Lakin bu “yerdəyişmə” həm də Azərbaycan ictimai rəyini sarsıtmağa, “Qarabağdan əlinizi çəkin, bu gün burada and içir, qədəh toqquşdururuq, sabah paytaxt elan edərik” mesajlarını cəmiyyətimizə sindirməyə yönəlmilşdi.


Əbəs cəhddir!


Ona görə əbəs cəhddir ki, artıq Azərbaycan vətəndaşları, nüfuzli reytinq tərtibçilərinin etiraf etdiyi kimi, qüdrətli bir orduya malik olduğumuzun fərqindədirlər. Dövlət başçımızın Tərtərdəki fikrini interprerasiya etsək, qabaqlar olduğu sayaq, top səsindən səksənib yerini-yurdunu tərk edəcək qədər müdafiəsiz deyillər!


Bəli, Azərbaycan prezidenti iyun ayının 3-də Tərtərdə, cəbhə bölgəsində- Olimpiya İdman Kompleksinin açılışında Qarabağ münaqişəsi ilə bağlı həmin rayonun deputatı, peşəkar telejurnalist və siyasi analitik Sahib Alıyevin təbirincə desəm, həm tarixçilərə, həm də siyasətçilərə mükəmməl dərs səciyyəsi daşıyan bir çıxış etdi. Dövlət başçısının bu çıxışı Qarabağın azad ediləcəyi günün uzaqda olmamasının anonsu idi. Məhz bu anonsa əsaslanaraq əminliklə deyirəm ki, Qarabağ tezliklə azad olunacaq, üstündən on illər, yüz illər keçəcək, torpaqlarımızın işğaldan qurtulması kimi şanlı bir tarixin əsaslarını öyrənən gələcək nəsillərimiz bu çıxışı xüsusi xatırlayacaqlar. Elə bu səbəbdən də prezidentin çıxışı ilə tanış olar-olmaz öz qənaətlərimi qısaca olaraq sosial şəbəkədə belə bölüşdüm:


“Azərbaycan Prezidenti İlham Əliyevin Tərtərdə Qarabağ məsələsi ilə bağlı etdiyi çıxışı indi oxumaq fürsətim oldu. Fikirlərimi qısa ifadə edəcəm. Bu vətənpərvərlik, bu iradə, bu amal bizi tezliklə Qarabağa qovuşduracaq. Bütün səmimiyyətimlə deyirəm, Azərbaycan tarixinin paradiqmalarını İlham Əliyev son dərəcə mükəmməl çözür, hədəfləri düzgün müəyyənləşdirir, həmin hədəflərə çatmaq üçün həm prinsipiallıq, həm də çox çevik diplomatik məharət ortaya qoyur. İndi informasiya əsridir, bütün dünyada olub-bitənlərdən hamımız anındaca xəbərdar oluruq. Dünya siyasətində söylədiyim parametrlər baxımından İlham Əliyevlə müqayisə olunacaq heç bir lider yoxdur. Bizim Ali Baş Komandan Şuşaya bayraq sancacaq! Gününü, ayını, ilini bilmirəm, amma TEZLİKLƏ olacağını anlamaq üçün ən azından kontent-analiz edə bilirəm”!


İlham Əliyevin Tərtərdə etdiyi tarixi Qarabağ çıxışının məzmununun təhlili göstərir ki:


1. Prezident Azərbaycan tarixini dərindən bilir, ermənilərin Cənubi Qafqaza miqrasiyasının bütün səbəb və nəticələri haqqında aydın təsəvvürlərə malikdir, ermənilərin xalqımıza ərazi iddialarının mahiyyət və təzahür formalarını rasional təhlil edir, tarixi torpaqlarımızda “Ermənistan” adlı süni dövlətin, belə demək olarsa, “ontologiya”sını elmi əsaslarla alt-üst etmək üçün son dərəcə hazırlıqlıdır;


2. Ermənilərin Azərbaycan torpaqlarında təşkilatlanmasında və dövlət qura bilməsində, öz dövlətlərini möhkəmləndirməyə çalışarkən yetərli ideoloji müqavimət, beynəlxalq təzyiq və silahlı əks-həmlə görməmələrində bizim də səhvlərimizin rolu az deyil. Dövlətimizin başçısı bu səhvlərin hər birinin fərqindədir, onlardan doğan nəticələri maksimum aradan qaldırmağa sistemli cəhdlər edir, ermənilərin ərazi iddiaları qarşısında dövlətimizi, necə deyərlər, bütün mexaniki hissələri saat kimi çalışan milli mücadilə təşkilatı kimi görür və qurur.


3. İlham Əliyev ermənilərlə, sadəcə, Qarabağ davası aparmır, Qarabağdan daha böyük dava aparır və “daha böyük” deyəndə mən heç də Zəngəzurun, İrəvan və ətrafının tarixi Azərbaycan torpaqları olmasını nəzərdə tutmuram. Onu nəzərdə tuturam ki, tarixdə ilk dəfə bir dövlət başçımız şovinist erməniçilk məfkurəsinə qarşı bu qədər rasional, prinsipial və sistemli fəallyət göstərir, tamamilə yeni hərbi-siyasi doktrina yaradır. Bu doktrinanın məzmunu bir qədər fərqli söhbətin mövzusudur, bəlkə də açıq yazılmaması daha yaxşıdır.


4. Prezident çox səmimi şəkildə işarə etdi ki, müstəqil Azərbaycan dövləti olaraq resurslarımız Ermənistanı himayə edən güclərə dov gəlmək üçün hələ yetərli deyil, bunun üçün “daha da güclü olmalıyıq və olacağıq”. Eyni zamanda, “geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin”!


5. Bəli, bizim atdığımız və atacağımız addımlar, yazının girişində qabartdığımız mövzuya uyğun desəm, nə toplantı keçirilən bir klubun bombalanmasından, nə də işğalçı Ermənistanın rəhbərlərini Qarabağa gətirən helikopterin vurulmasından ibarət deyil. Bu bizim yaramıza su səpər, amma sağaltmaz, bəlkə də daha da dərinləşdirər- çünki biz, əslində, Ermənistanla savaşmırıq. Azərbaycan öz torpaqlarını məhz o zaman itirib ki, dünyada geopolitik şərtlər dəyişib. Dəyişən şərtləri öz lehlərinə çevirmək üçün isə ermənilər bizdən daha hazırlıqlı və iddialı olublar. Məhz mərhum prezident Heydər Əliyevin və dövlət başçımız İlham Əliyevin xidmətlərinin nəticəsidir ki, Azərbaycan son üç yüz ildə ilk dəfə gepolitik şərtlərin qaçılmaz dəyişikliyi ərəfəsində ermənilərdən daha hazırlıqlı və hər baxımdan güclüdür.


Yekunda:


Çıxış belə bir qənaət formalaşdırır ki, İlham Əliyev Qarabağ məsələsinə məhz prezident kimi hazırkı səlahiyyət müddətində nöqtə qoymaq əzmindədir və bu nöqtə məhz “Qarabağ Azərbaycandır” nidasının altındakı işarədir.


Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top