Deputat: “Yas, toy mərasimlərinin keçirilməsinə bundan sonra da qadağa qoyulmalıdır”

GÜNDƏM 05 iyn 2020, 10:55

“Ümumən ölkəmiz bu koronavirus pandemiyası ilə mübarizədən üzüağ çıxdı. Həm yoluxanların, həm dünyasını dəyişənlərin sayı az oldu. Dövlət vaxtında insanların bir-birindən təcrid olunması istiqamətində zəruri addımlar atdı”.

 

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

 
“Bizim iqtisadiyyatımız neftdən asılıdır. Neftin də qiyməti kəskin şəkildə aşağı düşüb. Büdcədə neftin qiyməti 55 dollar götürülmüşdü, Brent markalı neftin bugünkü qiyməti 30 dollardan yuxarıdır. Bu, onu göstərir ki, bizim xeyli dərəcədə büdcə kəsirimiz olacaq. Biz müəyyən xərcləri ixtisar etmək zorunda qalacağıq. Yaxud Neft Fondundan büdcəyə daha çox vəsait yönəltməli olacağıq. Ona görə də belə bir vəziyyətdə bizim uzun müddət karantin rejimini saxlamağımız mümkünsüz idi. Həm də açıq deyim ki, karantin rejiminin iki aydan artıq müddətdə davam etməsi başqa fəsadlara da səbəb ola bilərdi. Bizim üçün təkcə insanların fiziki sağlamlığı əsas deyil, həm də onların əqli-psixoloji durumunun qaydasında olması lazımdır. İnsanların üzünə qapını bağlayıb saxlamaq, belə bir vəziyyət insanların psixikasına öz mənfi təsirini göstərə bilərdi. Ona görə də müəyyən zaman kəsimi üçün müəyyən yumşalmalara gedilməsi zərurət idi, bundan qaçmaq mümkün deyildi. Bu mənada hökumət haqlı olaraq yumşalma qərarları verdi. Amma son vaxtlar biz görürük ki, yoluxanların sayı artır. Xüsusilə xaricdən gətirilən Azərbaycan vətəndaşlarının hesabına. Xaricdə, xüsusilə də Rusiyada qalan vətəndaşlarımız ölkəyə gətirilir və onların arasında yoluxanların sayı çoxdur. Düşünürəm ki, kütləvi tədbirlərin keçirilməsinə, yas, toy mərasimlərinin keçirilməsinə bundan sonra da qadağa qoyulmalıdır. Şəraitdən asılı olaraq, Nazirlər Kabineti qərar qəbul etməlidir. İndidən heç kim deyə bilməz ki, bu vəziyyət nə qədər davam edəcək. Hamı deyir ki, virusun ikinci dalğası baş qaldıra bilər. Bu halda, hətta başqa məhdudiyyətlərin tətbiqinə ehtiyac yarana bilər. Bu, real vəziyyətdən asılı olacaq” – Q.Həsənquliyev qeyd edib.(musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top