“Qarabağ münaqişəsinin həllində mövqeyimiz güclənir” — Politoloq

SİYASƏT 04 iyn 2020, 19:17

“Son illərdə Azərbaycan diplomatiyası Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesində mövqeyimizin gücləndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Cənab Prezident də haqlı olaraq vurğuladı ki, Qarabağ məsələsi ilə bağlı bütün parametrlər beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyini ifadə edir”.


Demokrat.az xəbər verir ki, Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər haqda saytımıza danışan politoloq Arzuman Abdulkərimov belə deyib.


Onun sözlərinə görə, tarixi faktlar, siyasi, hüquqi, iqtisadi və hərbi üstünlük Azərbaycanın mövqeyinin güclənməsinə mühüm təkan verir:


“Cənab Prezidentin dediyi həqiqətdir, Azərbaycan diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həll prosesində beynəlxalq mövqeyimizi kifayət qədər gücləndirib. Həm Azərbaycan iqtidarının, həm də cəmiyyətinin Qarabağ münaqişəsi ilə bağlı fikri yekdildir. Elə bir Azərbaycan vətəndaşı ola bilməz ki, bu məsələdə müxaliflik etsin. Eyni zamanda, cənab Prezidentin söylədiyi fikirlər də tam həqiqətə uyğundur.


Populist insanlar var ki, bu yaxınlarda “Şuşanı vur” kimi fikirlər səsləndirdi, buna görə də, ordumuz haqda xoşagəlməz sözlər dedilər. Məsələn, belə çağırışlardan sonra Şuşaya top, raket atıla bilərdi. Bundan sonra erməniləri dəstəkləyən beynəlxalq qüvvələr “Azərbaycan tərəfi sülh danışıqlarını pozur”, deyə hücuma keçəcəkdilər. Ermənilərin özləri də həmin ərəfədə Azərbaycanı təxribata çəkmək istədilər. Biz buna getmədik. Əlbəttə, cənab Prezidentin də dediyi kimi, biz öz tarixi torpaqlarımızı azad edəcəyik. Azərbaycan ordusu buna qadirdir. Azərbaycan diplomatiyası da son zamanlarda uğurlara imza atır”.


Arzuman Abdulkərimov qeyd edib ki, Azərbaycan diplomatiyası dövlətin apardığı siyasətin tərkib hissəsidir:


“Bu baxımdan, cənab Prezidentin fikirləri ilə razıyam. Düşünürəm ki, diplomatiyamız gələcəkdə də münaqişənin həll prosesindəki uğurları davam etdirəcək və biz Qarabağı diplomatiya ilə olmasa da, hərbi yolla işğaldan azad edəcəyik”.(teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top