İrandan Azərbaycana gələn qadınlar cinsiyyət orqanlarında narkotik keçirmək istədilər — ÖZƏL

HADİSƏ 04 iyn 2020, 12:10

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Ruqiyyə Əsədova və Sevinc Yusifovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ruqiyyə  Əsədova və Sevinc Yusifova 17 yanvar 2019-cu il tarixdə İran İslam Respublikasının Parsabad şəhərində olarkən ibtidai istintaq orqanı tərəfindən şəxsiyyətləri konkret olaraq müəyyən edilməmiş digər şəxslərlə cinayət əlaqəsinə giriblər.


Hər iki qadın İran vətəndaşlarının onlara verəcəkləri ümumi təmiz çəkisi 480,0 qram olan heroin və təmiz çəkisi 47,704 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədilə alıblar.


Daha sonra onlar narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirdikdən sonra Bakı şəhərində cinayətkar qrupun digər üzvünə təhvil verəcəkləri və bunun müqabilində onların hər birinə 500 manat məbləğində pul verəcəyi vəd olunub.


Ümumi razılaşdıqları cinayətkar niyyətə uyğun olaraq həmin gün İran İslam Respublikasının Parsabad şəhərində cinayətkar qrupun digər üzvlərindən satış məqsədilə qanunsuz olaraq əldə etdikləri iki ədəd uzunsov formalı polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 270,0 qram olmaqla külli miqdar təşkil edən heroin və təmiz çəkisi 47,704 qram olmaqla külli miqdar təşkil edən metamfetamini Sevinc Yusifova, digər bir ədəd uzunsov formalı polietilen bükümdə təmiz çəkisi 210,0 qram olmaqla külli miqdar təşkil edən heroini Ruqiyyə Əsədova hər biri bir ədəd rezin şarın içərisində cinsiyyət orqanında yerləşdirib və gizlədib saxlamaqla, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə edib daşımaqla və 18 yanvar 2019-cu il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun piyada keçid xəttindəki Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçiriblər.


Bu zaman qadınlar yoxlanılıblar və sonra xəstəxanaya aparılaraq əməliyyat olunublar. Onların cinsiyyət orqanlarından həmin narkotik vasitələr aşkar olunaraq götürülüb.


İstintaq orqanı tərəfindən hər iki qadının barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Ruqiyyə Əsədova apelyasiya şikayəti verib.O, barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edərək cəza müddətinin azaldılması haqqında qərar qəbul edilməsini xahiş edib.


Ruqiyyə Əsədova qeyd edib ki, məhkəmə ona cəza təyin edərkən şəxsiyyətini, sağlamlığında olan problemləri, ilk dəfə cinayət törətdiyini, tənha, kimsəsiz olmasını nəzərə almayıb.


Ruqiyyə Əsədovanın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırlıb, sonda qərar verilib.


Qərara görə, Ruqiyyə Əsədovanın şikayəti təmin edilməyib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top