Fəallar sərbəst buraxıldı

SOSİAL 03 iyn 2020, 16:41

İyunun 2-də Təhsil Nazirliyin qarşısında “Tələbənin tələbi cinayət deyil” adlı etiraz aksiyasını keçirən fəallar Gülnarə Mehdiyeva, Rəbiyyə Məmmədova və hadisəni çəkən reportyor Nərgiz Absalamova sərbəst buraxılıb.


Rəbiyyə Məmmədovanın sözlərinə görə, fəallar və reportyor saxlanılaraq Nərimanov Rayon 18-ci polis bölməsinə gətirilib. “Bölmə rəisi bizimlə profilaktik söhbət aparıb, bizə izahat yazdırılıb. Daha sonra sərbəst buraxıldıq”.


“Dünən və bu gün Təhsil Nazirliyinin qarşısında bir qrup şəxs tərəfindən mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan icazəsiz aksiyalara cəhdlər göstərilib”.


Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev fəal Gülnarə Mehdiyevanın Təhsil Nazirliyin qarşısında “Tələbin tələbi cinayət deyil” adlı aksiyaya münasibət bildirərək deyib. O əlavə edib ki, xüsusi karantin rejim, sanitariya-gigiyenanın həssas dönəmində toplantıların, aksiyaların keçirilməsinə məhdudiyyət tətbiq olunub.


Hacıyevin sözlərinə görə, həmin aksiyaları işıqlandıran jurnalistlər, iştirakçılarla birgə xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 infeksiyasının həssas dönəmində sanitar-epidemioloji normaların pozulmasına zəmin yaradıblar. “Bununla ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlər tətbiq olunan xüsusi karantin rejim qaydalarına etinasızlıq nümayiş etdiriblər. Jurnalistlər əhalinin sağlamlığının effektiv qorunması naminə ictimai yerlərdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan hallardan çəkinməli, vətəndaşlıq mövqeyi nümayiş etdirərək mövcud qaydalara əməl etməlidir”.


BŞBPİ-nin sözçüsü bildirib ki, polis tərəfindən jurnalistlərin sərbəst peşə fəaliyyətinin həyata keçirilməsi üçün əvvəlki dövrlərdə heç bir məhdudiyyət yaradılmayıb. “İndiki halda, COVID-19 pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəzərə alınmalı, polisin qanunu tələblərinə əməl olunmalıdır. Jurnalist həmkarlarımdan xahiş edirəm ki, sosial məsuliyyətimizdən irəli gələrək özümüzü, yaxınlarımızı və cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət edək. Bu ərəfədə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırır, mövcud vəziyyətin həsasslığını nəzərə alaraq, xahişimin anlayışla qarşılanacağına ümid edirəm.(pressklub.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top