Sayğac cərimələri: dövlət haqlıdır, yoxsa vətəndaş?

SOSİAL 02 iyn 2020, 11:14

Məhkəmələrdə araşdırılan mülki mübahisələrin böyük bir hissəsi kommunal xidmət göstərən qurumlarla istehlakçılar arasında olur.


Məhkəməyə üz tutan yüzlərlə vətəndaş “Azəriqaz”, “Azərişıq”, “Azərsu” kimi qurumlardan şikayətçidir. İddia edirlər ki, onların işçiləri sayğaca müdaxilə barədə saxta aktlar tətib edib, şişirdilmiş cərimələr yazırlar.


Saatlı rayonunun Xanlarkənd kəndində yaşayan Polad Paşayevə evinə gələn qaz sayğacına müdaxilə (sayğacın zavod qurğuşun plombunun kəsilməsi) iddiasıyla 342 manat cərimə yazılıb. Ondan bu məbləği ödəmək tələb olunub. Nə özünün, nə də ailə üzvlərinin sayğaca müdaxilə etdiyini deyən P.Paşayev cərimənin silinməsi üçün məhkəməyə üz tutub. Məhkəmədə də deyib ki, pensiyaçıdır, əsəb xəstəliyindən əziyyət çəkir. Altı nəfərlik ailəsi onsuz da çətinliklə dolanır, 342 manatlıq borc və qazın kəsilmə təhlükəsi vəziyyəti bir az ağırlaşdırıb. Onun sözlərinə görə, “Azəriqaz”ın işçiləri sayğacı dəyişmək adıyla çıxarıb aparıblar. Bir müddət sonra xəbər tutub ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib ediblər.


“Qaz idarəsinin işçiləri bizim savadsız olmağımızdan istifadə edib, belə haqsız akt tərtib ediblər. Sayğacda nöqsan vardısa, bizə xəbərdarlıq edərdilər. Sayğac evin həyətindən də kənarda – küçədə quraşdırılıb. Biz gecə-gündüz ona nəzarət edə bilmərik ki…”, – deyə P.Paşayev bildirib. Saatlı rayon Məhkəməsi ona “yox” desə də, sonradan Şirvan Apellyasiya Məhkəməsi vətəndaşın şikayətini təmin edərək cərimənin silinməsinə qərar verilib.


Bənzər vəziyyətlə Bakının Zabrat qəsəbəsində Həsən Məhəmmədov da qarşılaşıb. Onun sözlərinə görə, 3 il ərzində 5 dəfə qaz sayğacını dəyişiblər, hər dəfə də yeni sayğacın pulunu ödətdiriblər: “Hər dəfə çox qəribə formada nasazlıqlar tapıblar. Müxtəlif bəhanələrlə rəsmi qaydada 5 dəfə sayğacı dəyişiblər. Bu, qeyri-adi haldır. Hər dəfə sayğac dəyişəndən sonra qazpulunu kartla ödəmişəm, heç bir problem də olmayıb. Amma bir az keçəndən sonra yenə bir problem tapıblar”.


“Azəriqaz”ın işçiləri sonuncu dəfə ona “sayğaca müdaxilə” iddiasıyla 1252 manat cərimə yazıblar. Bakı Kommersiya Məhkəməsi bu cərimənin silinməsi barədə qərar çıxarıb.


Məhkəmələr “sayğaca müdaxiləyə görə cərimə” mübahisələri ilə bağlı işlərdə vətəndaşların xeyrinə qərar çıxararkən Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarıyla təsdiqlənmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsaslanırlar. Orada yazılıb ki, “fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır”.


Keçmiş deputat Tofiq Hüseynova məxsus “Sumqayıt Çörək” ASC isə məhkəmədə “Azərişıq”la çəkişir. Bu məhkəmə işində söhbət 213 min manatlıq borcdan gedir. Çörək zavodunun rəhbərliyi məhkəməyə şikayətində göstərib ki, “Azərişıq” ASC-nin əməkdaşları abunəçilərə, o cümlədən onlara qondarma borc yazıb, bu barədə akt tərtib ediblər:


“Guya martın 16-da çörək zavodunun ərazisindəki elektrik təchizatı avadanlıqlarına baxış keçirəndə elektrik xəttinə qanunsuz qoşulma aşkarlayıblar. Halbuki, həmin gün özlərinin tərtib etdiyi aktda da yazılıb ki, “Sumqayıt Çörək” ASC-nin elektrik sayğaclarının və cərəyan transformatorunun yerləşdiyi yuvanın qapısındakı möhürün simini “Azərişıq”ın nümayəndələri qırıb. Bu, onu göstərir ki, bizim tərəfimizdən o qurğulara, möhür və ştamplara toxunulmayıb. Araşdırma aparılmadan qondarma akt tərtib olunub”.


Amma kommunal xidmət göstərən qurumlar – “Azəriqaz”, “Azərişıq” əsassız cərimələr, şişirdilmiş borclar barədə iddialarla razılaşmırlar. Hətta bu cür mübahisələrdə məhkəmələrin bir çox hallarda vətəndaşların xeyrinə qərar çıxarmasından da narazıdılar.


“Bu cür qərarların qəbulu artıq neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən kütləvi xarakter daşıyan qaz sayğaclarına müdaxilə və qaz xətlərinə qeyri-qanuni qoşulma nəticəsində dövlət müəssisəsinə külli miqdarda ziyan vurulmasına, dövlət əmlakının talan olmasına zəmin yaradır”, – deyə “Azəriqaz”ın Hüquq Departamentinin rəhbəri Vüqar Eyvazov təmsil etdiyi qurumun internet saytında bu haqda fikirlərini paylaşıb. Onun sözlərinə görə, məhkəmələrin “Azəriqaz” əleyhinə qərarları bu qurumun maliyyə vəziyyətinə mənfi təsir göstərir, debitor borcun şişirdilməsinə, yığım səviyyəsinin azaldılmasına səbəb olur.


Kommunal xidmət göstərən qurumlardan narazı olan vətəndaşların məhkəmələrə müraciətində onlara kömək edən təşkilat – Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi də bu sahədə araşdırma aparıb. Təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, son araşdırmalarından biri “Azəriqaz”ın fəaliyyəti, əhaliyə əlavə borc yazılması, sayğaclar haqda olub. Araşdırmanın nəticələri haqqında hesabat hazırlayıb, lazımi dövlət orqanlarına da göndəriblər ki, çatışmazlıqlar aradan qaldırılsın. Hüquq müdafiəçisi ortaya çıxardıqları problemlər haqda “Press Klub”a da danışdı:


“Çox ciddi qaz itkisi var və bunu da əhaliyə əsassız cərimələr, şişirtmə borclar yazmaqla əvəzləməyə çalışırlar. Birmənalı demək olmaz ki, sayğac müdaxilələri ilə bağlı mübahisələrdə həmişə vətəndaşlar haqlı olur. Elə deyil, məsuliyyətsiz, sayğaca müdaxilə edənlər də olur. Amma “Azəriqaz” əməkdaşlarının “sayğaca müdaxilə” bəhanəsi ilə uydurma akt tərtib etməsi halları da çoxdur. Ən əsası, məhz vətəndaşın özünün sayğaca müdaxilə etdiyini sübut eləmək lazımdır. Bu da elə-belə məsələ deyil. Sadəcə, sözdə “sən müdaxilə eləmisən” deməklə adamı cərimələməzlər. Üstəlik, Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalarda da yazılıb ki, vətəndaş evindən kənarda, küçədə quraşdırılmış sayğaca görə məsuliyyət daşımır. Adam bütün sutka ərzində dayanıb sayğacın keşiyini çəkə bilməz ki…”


Hüquq müdafiəçisi “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını yada saldı. Qərarın 4.7 bəndində yazılıb: “Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.”


Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin araşdırması nəticəsində məlum olub ki, bir ay ərzində təkcə Bakının rayonları və Abşeron üzrə 5400 abonentə “plombun qırılması” ilə əlaqədar cərimə yazılıb. Cərimələrin miqdarı isə 350-500 manat arası olub.


M.Qəhrəmanlı əlavə etdi ki, ölkədə 3 milyona yaxın qaz abunəçisi var, bunun da 95 faizi əhalidir. Onun sözlərinə görə, 1 milyona yaxın abunəçi mexaniki sayğacdan istifadə edir: “Aldadılan abonentlər məhz mexaniki sayğacdan istifadə edənlərdir. Elektron sayğaclarda ödəniş kartla olduğundan bu saxtakarlıq siyasətləri həmin sayğaclarda tədbiq olunmadı”.(pressklub.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top