Deputat Seymur Orucovun müdafiəsinə qalxdı: “İlham Əliyev seçimində heç vaxt səhv etmir”

GÜNDƏM 02 iyn 2020, 10:16

“Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin edilən Seymur Orucovu uzun illərdir, tanıyıram. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri olub. Gənc, çox çevik, geniş dünyagörüşlü, mədəni insandır. Hər şeydən əvvəl Seymur Orucov Prezident İlham Əliyevin seçimidir. Prezident seçimində heç vaxt səhv etmir”.


Demokrat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında 108 saylı Ağstafa seçki dairəsinin deputatı Nizami Cəfərov deyib.

 
Deputat Seymur Orucovun ingilis dilində çıxışının müzakirələrə səbəb olmasına münasibət bildirərkən deyib ki, əsas icra başçısı kimi yaxşı işləməkdir: “Seymur Orucovun ingilis dilini hansı səviyyədə bildiyi barədə məlumatlı deyiləm. Amma hər halda ingilis dilini bilir. Burada söhbət icra başçısı kimi işləməkdən gedir. İngilis dilini bir qədər zəif də bilər, yaxşı da bilər... Hələ gəncdir, təkmilləşdirmək imkanları var, beynəlxalq tədbirlərdə olacaq. Ağstafadan olan böyük şairimiz Nəriman Həsənzadənin yaxşı sözü var. Deyir, istedadlı, qabiliyyətli, etimad olunan şəxsin xırda nöqsanları olduqda, bu nöqsanları onun qarşısına daş kimi diyirləməyin. Yəni bu və ya başqa insanın hansısa məsələdə çətinlikləri ola bilər. Azərbaycanda son vaxtlar heç də yaxşı olmayan vəziyyət yaranıb. Mətbuat, sosial şəbəkələr, elə bil, insanın nə qədər nöqsanı var, yığırlar. Həmin şəxsə etimad göstərilən kimi onu gözdən salmaq üçün nöqsanları üzə çıxarırlar. Desinlər, eybi yoxdur, amma bu şəxsin üstün cəhətləri də var axı... Seymur Orucovun xeyli üstün cəhətləri var. Ona uğurlar arzu edirəm, əminəm ki, rayonda müsbət dəyişikliklər edəcək. O çalışacaq ki, rayon sakinlərinin istəklərini yerinə yetirsin. Seymur Orucov bilməlidir ki, Azərbaycan Prezidenti qarşısında məsuliyyət daşıyır".(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top