Fırıldaqçı Mənsimovun Azərbaycanın adına gətirdiyi LƏKƏ...

TƏHLİL 01 iyn 2020, 16:39

Bu günlərdə FETÖ terror təşkilatının üzvü olması iddiası ilə Türkiyədə həbs edilən Mübariz Mənsimovun “Palmali” şirkətinin müflis olduğu xəbərləri yayılmaqdadır. Şirkət israrla bu xəbərləri təkzib edir, lakin söhbət 900 milyon dollarlıq borcdan gedir və Mübariz Mənsimovun “iş adamı” kimi fəaliyyəti fonunda bu təkziblər inandırıcı deyil.

Böyük biznesdə uğur qazanmaqla yanaşı, uğursuzluq da olur və bu təbii qarşılanır. Lakin Mübariz Mənsimovun biznesnin el dili ilə desək “atmaq” üzərində qurulması onun iflasını gətirən əsas məqamdır. Bir çox hallarda Mübariz Mənsimovu böyük biznesdə uğur qazanmış azərbaycanlı kimi təqdim edirlər, ancaq ictimaiyyətin iş adamının biznes mühitində heç də yaxşı qəbul edilmədiyindən çox də xəbəri yoxdur. 


“İstisindən çox tüstüsü olan”, reklama pul xərcləyərək, özü haqqına “messenanat imici” qazanmağa çalışan Mübariz Mənsimovun biznes mühitində “fırıldaqçı” kimi tanınması Azərbaycan üçün də yaxşı imic deyil. Ona görə yox ki, Mübariz Mənsimov Azərbaycandandır. Ona görə də o, bütün fəaliyyətində, elə fırıldaqlarında da Azərbaycanının adını hallandırır.


“Atmaq” Mübariz Mənsimovun alnına yazılıb


Üç il öncə Rusiya FTX-nin İqtisadi Təhlükəsizlik Xidməti “Palmali” şirkətlər qrupu haqda araşdırmalara başladı və məlum oldu ki, o, Rusiya dövlətinə 1 milyard rubladan çox pul “atıb”. Belə ki, şirkət 2010-cu ildə 881 milyon rubl, 2011-ci ildə isə 401 milyon rubl həcmində vergidən yayınıb. Bu əmələ görə şirkətin Rostov bölməsinin direktoru Aleksey Mixelev həbs olundu. Mənsimov isə “böyük iş adamı” kimi ortada gəzməyinə davam edirdi.


Rusiyada dövlətə “atan” Mübariz Mənsimovun Azərbaycanda da eyni yolu getdiyinə dair məlumatlar var. Onun Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə dövlətə yardım milyard manat “atdığı” deyilir. Misal üçün, onun Hafiz Məmmədova 10 milyon dollara yaxın borcu olduğu və qaytarmadığı haqda media dəfələrlə yazıb. 


Yediyi qaba tüpürmək


Mübariz Mənsimov Azərbaycanda çox çörək qazanıb, amma dövlətə “atandan” sonra işləri yaxşı getməyəndə birinci “yediyi qaba tüpürdü”. Azərbaycan və Azərbaycanda ona dəstək olanlar haqqında uydurma ittihamlar irəli sürən Mübariz Mənsimovun “vətən” anlayışının cibində olması heç də təəccüblü deyildi. Onun üçün Azərbaycan Vətən yox, fırıldaq yolu ilə asan pul qazanmaq üçün yeni bazar idi. Dövlət bu fırıldağın qarşısını alanda Mübariz Mənsimovun əsl siması da üzə çıxdı... 


Mübariz Mənsimovun ABŞ-da erməni diasporu ilə biznes əlaqələri də onun üçün dolların hər şeydın üstün olduğunu təsdiqləyir. Yerli gəlmişkən, Mübariz Mənsimovun erməni ortağı Levon Termenciyan da bu ilin mart ayında ABŞ dövlət büdcəsinə 1 milyard dollar ziyan vurmaq ittihamı ilə həbs edilib. 


Yəqin ki, çoxları Mübariz Mənsimovun biznesdə “ucalmasında” Rusiyadakı azərbaycanlı milyarder, “LUKoil” şirkətinin sahibi Vahid Ələkbərovun rolu haqda bilmir. Vahid Ələkbərov neft daşınmasında əsasən Mübariz Mənsimovun tankerlərindən istifadə edirdi. Hətta, “Palmali”nin adı İŞİD terror təşkilatı ilə gizli əlaqədə hallananda da bu ticarət dayanmadı. Lakin ilk çətinlikdə Mübariz Mənsimov ona “çörək verən” Vahid Ələkbərovu satdı və “LUKoil”in işgüzar imicinə zərər vuran açıqlamalar verdi. Ardınca 2 milyard dollarlıq təzminat tələbi ilə məhkəməyə də verdi və mənəvi atası olan Vahid Ələkbərova uduzdu. Bu, Mübariz Mənsimovun “çörəyinin dizinin üstündə” olduğuna dair daha bir sübutdur...


Terrorla gizli əlaqələr


Mübariz Mənsimov Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqəyə görə həbs olunub, hazırda bununla bağlı istintaq davam edir. Azərbaycanda bunun Mübariz Mənsimova qarşı yalan iddialar olduğunu deyənlər var. Halbuki, Mübariz Mənsimovun terror sevgisi ilk dəfə deyil. Hələ 2015-ci ildə onun adı İŞİD terror təşkilatının neftini daşımaqda hallanırdı və bu, hansısa şaiyələrə əsaslanan məlumat deyildi. Söhbət iki qüdrətli ölkənin rəhbərlərinin danışığından gedir.


“Novaya qazeta” mənbələrinə istinadən yazırdı ki, 2015-ci ildə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama İŞİD terror təşkilatının maliyyə kanallarının kəsilməsi məsələsini müzakirə edib və bu müzakirədə Mübariz Mənsimovun terror təşkilatı ilə əlaqələrindən də bəhs olunub. Bu görüşdən sonra Mübariz Mənsimovun Rusiyada “qara günləri” başlandı. İş adamı daha sonra biznesinin əsas hissəsini Türkiyıyə köçürdü, özü də İstabulda yaşamağa başladı. Terror təşkilatları ilə əməkdaşlıq təcrübəsi olan Mübariz Mənsimovun FETÖ ilə əlaqələri və buna görə həbs edilməsi o qədər də təəccüblü deyil.


Azərbaycanın adına vurulan ləkə


Budur, Mübariz Mənsimovun əsl siması artıq ifşa olundu və bütün dünyadakı mülklərinə, hesablarına həbs qoyuldu. Bu, İngiltərə Ali Məhkəməsinin qərarı ilə baş verib. Türkiyə mediası yazır ki, Mübariz Mənsimovun sahib olduğu “Palmali Holding Company Limited” şirkəti müflis elan edilib. Şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. 


Almaniyanın “Hamburg Commercial Bank”ı krediti ödənilməyən gəmiləri müsadirə edib. Rusiyanın Rostov Arbitraj Məhkəməsi “Sberbank”a 220 milyon dollar borcu olması iddiasına görə şirkətin törəmə müəssisəsi “Palmali Rostov”u müflis elan edib. Bundan sonra isə İngiltərə Ali Məhkəməsi Mübariz Mənsimovun bütün dünyadakı mülklərinə və bank hesablarına həbs qoyub. Məhkəmə Mübariz Mənsimov və “Palmali Holding Company Limited”-in katibi Coann Spayterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.


Bu faktlar fonunda sual yaranır: heroin, silah, terrorçulara məxsus neftin daşınması və digər beynəlxalq cinayətkarlıqda adı hallanan Mübariz Mənsimovun adının qarşısında “azərbaycanlı iş adamı” deyimi Azərbaycana baş ucalığı gətirirmi? Cavab təbii ki, xeyrdir...


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top