Azərbaycanda "mühacir biznesi" təşkil edənlərə ittihamlar verildi — ÖZƏL

KRİMİNAL 01 iyn 2020, 13:34

Azərbaycan vətəndaşlarının pulla xaricdə siğnacaq almalarını təşkil etməkdə ittiham olunan İsgəndərov Sərdar Yusif oğlu, Əmirov Zakir Əjdər oğlu və Xanəli Əziz Əvəz oğluna bir neçə maddə ilə ittiham verilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Gənclərin Elmi Mədəni İnkişafı İctimai Birliyinin sədri Sərdar İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq törətmək), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda, nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı), 318-1.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz miqrasiyanın təşkili), 318-1.2.2-ci (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz miqrasiyanın təşkili) və 318-1.2.3-cü (təkrar qanunsuz miqrasiyanın təşkili) maddələri ilə ittiham elan edilib. 


Digər iki təqsirləndirilən - Zakir Əmirov və Əziz Xanəlinin barəsində isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq törətmək),  318-1.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz miqrasiyanın təşkili), 318-1.2.2-ci (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz miqrasiyanın təşkili), 318-1.2.3-cü (təkrar qanunsuz miqrasiyanın təşkili), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunub. 


Hər üç şəxs ötən il həbs olunub. Onlar bir neçə vətəndaşa Kanada, Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində siyasi sığınacaq almağa şərit yaratmaqda, bunun müqabilində külli miqdarda pul alıblar. 


Bu cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində gedir.

 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top