Əli Həsənov getdi — İndi nə dəyişməlidir?

GÜNDƏM 30 may 2020, 22:48

KİV rəhbərləri yeni media siyasətindən nələr gözləyir?


Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılmasından 6 aya yaxın vaxt ötür. PA-da aparılan kadr və struktur dəyişikləri, bütövlükdə dövlətin media siyasətini kurasiya edən məmurların işinə son verilməsi ciddi problemlər içində olan media cameəsində də müəyyən ümidlər yaratdı. Dövlət dəstəyinin kifayət qədər böyük olmasına rəğmən ona əlçatanlığın zəif olması, tətbiq olunan meyarlar həm çap, həm də elektron medianın inkişafını əngəlləyən başlıca amil idi.
Sözügedən dəyişikliklərdən kifayət qədər vaxt keçib, amma hələlik alternativ siyasətin konturları müəyyənləşdirilməyib. Maraqlıdır, media nümayəndələri yeni dövrdən nələr gözləyirlər? Media siyasətində hansı prinsiplər prioritet olmalıdır? Xüsusən, bu yaxınlarda rəhbəri dəyişdirilən Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) necə dəyişməlidir?


Elxan Şükürlü: “Mənim ölkənin mətbuat siyasətinə baxışım digərlərinin baxışından köklü fərqlənir...”

 

 

Strateq.az saytının baş redaktoru Elxan Şükürlü “AzPolitika.info”-nun bu barədə sorğusunu cavablandırarkən bildirib ki, onun media siyasətinə baxışı tamam fərqlidir: “Azərbaycan mətbuatının bərbad durumu və onda hansı islahatların aparılmasının gərəkli olduğu haqda fikirlərimi mən hələ hakimiyyətin “islahat” anlayışını yaxın buraxmadığı vaxtlarda – 2016-cı ildə yazdığım “Azərbaycan mətbuatı: islahatlara daha çox ehtiyacı olan dördüncü hakimiyyət” adlı məqaləmdə göstərmişəm. Arzu edən, təfsilatıyla oradan oxuya bilər. Qısaca, deyim ki, mənim ölkənin mətbuat siyasətinə baxışım digərlərinin baxışından köklü fərqlənir. Məsələn, əksəriyyət medianın tam sərbəst buraxılmasına, dövlətin mediaya təsirinin minimuma endirilməsinə və hər şeyin də bazarın tələbləri əsasında qurulmasına tərəfdar olsa da, mən tamamilə əksini düşünürəm. Hesab edirəm ki, biz ciddi dövlət quruculuğu prosesi və Qarabağ müharibəsi başa çatanadək, mediaya bazar və biznes predmetindən daha çox, informasiya savaşını üzərinə götürəcək ən fəal hərbi-siyasi mexanizm, institut kimi yanaşmalıyıq. Bu yanaşma isə bizdən müəyyən aralıq dövr üçün mediaya daha ciddi dövlət nəzarətinin olmasını tələb edir. Ancaq bu, o demək deyil ki, hakimiyyət “dövlət nəzarəti” adı altında medianı özünün siyasi maraqlarına tabe etdirməli, onu “dişsiz köpək” halına gətirməlidir. Yox, əksinə, ona nail olmaq lazımdır ki, media güc və təhlükəsizlik strukturlarıtək, dövlət maraqlarının, dövlətin təhlükəsizlik siyasətinin ən fəal qoruyucusu və həyata keçiricisi olsun. Hakimiyyətin və ya müxalifətin, ayrı-ayrı məmurların və ya biznesmenlərin maraqlarına deyil, sırf dövlətin mənafeyinə söykənən sağlam media institutunun mövcudluğundan hamımız udarıq”.


E.Şükürlü hesab edir ki, mövcud şəraitdə mediaya tam azadlıq verilməsi və ona biznes resursu kimi yanaşılması bu sektoru daha bərbad vəziyyətə sala bilər: “Mətbuat onsuz da bərbad duruma salınıb. Belə vəziyyətdə medianın sərbəst buraxılması və reklam bazarına dayanaraq fəaliyyət göstərməsinə çağrış edilməsi təhlükəlidir. Çünki önə çıxmaq və daha çox gəlir götürmək marağı medianı məcbur edəcək ki, onlar oliqarxiyanın, nəhəng biznes strukturunun və yaxud hansısa xarici bağlantısı olan çevrələrin mənafeyinə uyğun davransınlar. Bu halda isə dövlət və təhlükəsizlik marağı arxa plana keçəcək. Sən mediaya deyə bilməyəcəksən ki, filan materialı vermə; deyəcək ki, əcəb edirəm, pulunu verib, mən də reklamıyla məşğul oluram... İnanın, mediaya bir balaca sərbəstlik verilsə, ölkədə nə qədər çirkli yollarla pul qazananlar var, hamısı tökülüşəcək bura, özlərini qəhrəman edəcəklər, rəqiblərini vurmaq üçün hər şeyə əl atacaqlar və s. Nəticədə, indiki mediamızın daha idbar forması ortaya çıxacaq”.


E.Şükürlü deyir ki, o, mediaya nəzarət edən vahid dövlət qurumunun yaradılmasının və ona da sağlam adamların rəhbərlik etməsinin tərəfdarıdır: “Məsələn, mən təklif etmişdim ki, KİVDF və Mətbuat Şurası bir dövlət qurumunda birləşdirilsin, onun da rəhbərliyinə informasiya işini bilən, dövlət maraqlarını şəxsi maraqlarından üstün tutan peşəkar və ədalətli adamlar gətirilsin, daha talançılar və diletantlar yox. Ökədə bu qədər sayt və qəzetə heç bir ehtiyac yoxdur, əksəriyyəti cinayətkar fəaliyyətlə məşğul olur və informasiya mühitini çirkləndirir. Qanunu dəyişmək gərəkdir, hər kəsin istədiyi vaxt sayt, qəzet, televiziya açmaq, hər kəsin mediaya sahib olmaq, baş redaktor olmaq imkanları məhdudlaşdırılmalı, ciddi tələblər qoyulmalı, mərkəzləşdirilməyə gedilməli, yüzlərlə deyil, 10-15 böyük media qurumunun yaradılmasına nail olunmalı və onlara da ciddi dövlət dəstəyi təmin edilməldir. Onsuz da sosial şəbəkələr var, sərbəstdir – kim istəyir, getsin, orada nə istəyir, danışsın, yazsın, daha jurnalist adına iddia etməsin, jurnalistlik imtiyazlarından sui-istifadə etməsin!”.


Vüsalə Mahirqızı: “Doğru media menecment və azad bazar qaydalarının formalaşması təmin olunmalıdır”

 

 

“APA Holdinq”-in rəhbəri Vüsalə Mahirqızı isə hesab edir ki, KİVDF-nin hazırkı mahiyyətdən çıxması, yenidən medianın infrastrukturunun formalaşmasına dəstək verməsi arzuolunan olardı: “Mən illərdir ki, medianın inkişafı üçün iki əsas məqamın olduğunu vurğulayıram, doğru media menecment və azad bazar qaydalarının formalaşması. Əgər mediada oyunçuların azad rəqabətinə imkan yaradılsa, doğru menecmentlə uğurlu nəticə əldə etmək olar. Yeni media siyasətinin əsasında bu formula dayansa, biz uğur qazanacağıq. KİVDF-nin dəstəyi yalnız simvolik olaraq nəşr olunan qəzetlərə yardımla yekunlaşmamalıdır, eyni zamanda keçirilən jurnalist müsabiqələrinin nə qədər saxta olduğunu, bütün müsabiqə tarixi boyu eyni adamların hər dəfə qalib olduğunu, onlarla plagiat yazının müsabiqələrdə "birinci yer" tutduğunu mediada hamı bilir. Bu məsələdə "o qəzetlərdəki əməkdaşlar işsiz qalacaq" arqumentini qəbul eləmirəm, yaxşı jurnalistə hər yerdə yer var. Hazırda maliyyələşdirilən qəzetlərdən 10-nu seçmək olar ki, onların yaxşı tarixi və arxivi, həm də kollektivi var. Digərlərinin 5-6-da heç bizim bir saytımız qədər kollektiv yoxdur. Ona görə də bu arqumentlə maliyyələşdirmə effektli olmayacaq”.


V.Mahirqızı xatırladır ki, KİVDF yaranarkən konsepsiya gündəlik xərclərin ödənilməsi üçün fond yaratmaq deyildi: “Bu fondun məqsədi medianın keçid dövrü üçün inkişafına dəstək olmaq, platforma hazırlamaq, infrastruktur qurmaq, media qurumları arasında inteqrasiyanı təşkil etmək idi. İndiyə qədər milyonlarla pul xərclənib, amma Azərbaycan print mediası nə rəngli mətbəə qura bildi, nə də vahid qəzet yayım şəbəkəsi. Ümid edirəm ki, KİVDF-nin yeni rəhbərliyi mediaya milli və strateji sahə olmaqla yanaşı, həm də bazar predmeti kimi baxacaq, menecer yanaşması sərgiləyəcək, effektli müzakirələr keçirəcək və doğru qərarlar qəbul edəcək”.


“APA Holdinq”rəhbəri vurğulayıb ki, rəhbərlik etdiyi şirkət KİVDF ilə indiyə qədər əməkdaşlıq etməyib, amma müsbət dəyişikliklər olsa, hazırda konsepsiyaya uyğun əməkdaşlıq edən həmkarları adına sevinər.


Elçin Zahiroğlu: “Saytların hamısı təhlükəsizlik baxımından tükdən asılı vəziyyətdədir”

“Bakupost.az” portalının direktoru Elçin Zahiroğlu deyir ki, məsələyə mətbuatın mahiyyəti, fəlsəfəsi kontekstindən yanaşsaq, hökumətin Kütləvi İnformasiya Vasitələrinə yardım məqsədilə yaratdığı bir fondun fəaliyyəti, özü də əhəmiyyətli və şəffaf fəaliyyəti mürəkkəb, həm də mübahisəli məsələdir. Baş redaktor bununla bərabər hesab edir ki, mövcud reallıqları nəzərə alıb, dövlətin yaratdığı fürsətdən maksimum yararlanmaq, mətbuatın problemlərinin bir hissəsini həll etmək mümkündür: “Bundan ötrü ilk növbədə KİVDF-nin təkcə rəhbərliyi, kollektivi yox, həm də idarəçilik sistemi, məsələyə yanaşması kökündən dəyişməlidir. Yazı müsabiqələri, yardımlar, dövlət qurumlarıyla görüşlər kimi mənasız, ayrılan pulları birtəhər silməyə hesablanan görüntü, hesabat xarakterli şablon, kiflənmiş tədbirlərdən imtina olunmalıdır. KİV-ə kimə bağlı olmasına, rəhbərin qohumluq, dostluq əlaqələrinə görə deyil, real işinə və ən əsası perspektivinə görə diqqət edilməlidir. Bu çoxluqda seçim etmək, əlbəttə, çətindir. Buna görə də yaxşı olar ki, yardımlar hansısa siyahı üzrə deyil, media orqanının, eləcə də jurnalistlərin fərdi təqdim etdiyi layihələr əsasında edilsin. Beləcə, maddi problemlər üzündən media qurumlarının və fərdi jurnalistlərin həyata keçirə bilmədiyi, xüsusi önəm kəsb edən layihələr gerçəkləşmiş olar”.

 

E.Zahiroğlu ikinci istiqamət kimi yardımların maddi-texniki bazanın yaxşılaşdırılması ilə yanaşı, kadr potensialının gücləndirilməsinə yönəlməsini təklif edir: “Bu, yardımlara həm nəzarət baxımından, həm də təkcə baş redaktor deyil, ümumi redaksiyanın durumunun yaxşılaşdırılmasına xidmət baxımından daha effektiv olar. Jurnalistlərin ixtisasının artırılması, onların kurslara, seminarlara göndərilməsi, xarici təcrübənin mənimsənilməsi, dünya mətbuatına inteqrasiya edilməsi bu gün daha əhəmiyyətli və gələcəyə hesablanmış addım ola bilər. Hazırda bəzi sahələr üzrə Azərbaycan mediasında ciddi kadr çatışmazlığı var. Məsələn, iqtisadiyyatdan, kənd təsərrüfatından, tibdən, texnologiyadan yazan jurnalistlər azdır, gələcəyə hesablanmış, inkişaf etməkdə olan sahələr üzrə kadrlar isə ümumiyyətlə, yoxdur. Eləcə də İT sahəsində ciddi problemlər var”.

 

Baş redaktor vurğulayır ki, Azərbaycanda fəaliyyət göstərən saytların hamısı təhlükəsizlik baxımından tükdən asılı vəziyyətdədir: “Ən ciddi problemlərdən biri də illərdi fəaliyyət göstərən, öz oxucu kütləsi olan media qurumlarının birdən-birə maddi çatışmazlıq üzündən bağlanması, yaxud da işini minimum səviyyəyə endirməsi ilə bağlıdır. Nəticədə jurnalistlər uzun müddət işsiz qalır, illərdi yığılan yazı bazası itir, jurnalistikada qısaömürlülük tendensiyası güclənir. Real vəziyyət budur ki, bu hal istənilən an hər bir media qurumunun başına gələ bilər. Hər dəfə ixtisaslaşmış, peşəkar media qurumu bağlananda yerində 10-15 xırda qeyri-peşəkar media qurumu yaranır. Bu cür hallar isə oxucu-media münasibətlərinə ciddi zərbə vurur. Peşəkar KİV-lərin üzləşdiyi qəfil maddi böhrandan çıxmaları üçün onlara müəyyən müddətlik maddi yardım ayrıla bilər. Bu bağlanmaq təhlükəsi ilə üz-üzə qalan media orqanı üçün nəfəslik olar, durumu yenidən normal vəziyyətə qaytarmaq üçün şans qazanar”.

 

Elçin Zahiroğlunun sözlərinə görə, KİVDF-nin yardımları bu sahələrə istiqamətlənsə, həm qurumun fəaliyyətinə şübhələr azalar, həm müxtəlif üsullarla ayrılan vəsaitin kimlərinsə cibinə axmasının qarşısı alınar, həm də ən əsası, ümumilikdə Azərbaycan jurnalistikası qazanar.

 

Elnur Məhərrəmli: “Mətbuat Şurasının İdarə Heyəti legitim deyil”

 

“AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli isə belə hesab edir ki, media siyasətində və sektorunda dəyişikliklərə bir neçə məsələdən başlamaq lazımdır: “Fikrimcə, ilk növbədə media qanunvericiliyi təkmilləşdirilməli, hazırda cəmiyyətin informasiya təminatında əsas rol oynayan onlayn medianın – saytların və internet televiziyalarının statusu müəyyənləşdirilməli, onların məhz KİV kimi dövlət qeydiyyatı məsələsi öz həllini tapmalıdır. Biz bilməliyik ki, vəzifəmiz, hüquqlarımız, məsuliyyətimiz qanunla necə tənzimlənir.


İkincisi, əgər informasiya işi, media sektoru strateji sahədirsə, sayt açmaq, baş redaktor olmaq bu qədər asan olmamalıdır. Hesab edirəm ki, beynəlxalq təcrübə də öyrənilməklə, saytların, internet televiziyalarının dövlət qeydiyyatı mexanizmi yaradılmalı, bu zaman sayt təsisi üçün bir sıra kriteriyalar müəyyənləşdirilməlidir. Ali savadı və müəyyən jurnalistika təcrübəsi olmayan təsadüfi, hətta cinayətkar xislətli adamların özünü baş redaktor, redaktor elan etməsinin qarşısı alınmalıdır. Əgər dövlət qeydiyyatından keçmədən qəzet açmaq mümkün deyilsə, sayt, internet televiziyası açmaq da mümkün olmamalıdır. Hazırkı xaos mühiti tezliklə aradan qaldırılmalı, onlayn media sahəsində nizam yaradılmalıdır. Özünü sayt, internet televiziyası kimi təqdim edən quruluşun təsisçisi, baş redaktoru, ünvanı kimi informasiyalar cəmiyyət üçün əlçatan olmalıdır. Bundan sonra saytların, internet televiziyalarının KİV DF xəttilə dövlət maliyyələşməsi məsələsinə baxmaq olar”.


Rəhbərliyi yenilənmiş KİVDF-dən gözləntilər məsələsinə toxunan E.Məhərrəmli deyir ki, on milyonlarla dövlət vəsaitinin sərf olunmasına baxmayaraq, bu Fond cəmiyyətin informasiya təminatında keyfiyyətin artırılmasına heç bir töhfə verə bilməyib. “KİVDF uzun illərdir sadəcə süni tənəffüs aparatı rolunu oynayaraq, faktiki olaraq yaşamaq qabiliyyətini itirmiş print medianı həyatda saxlamaqla məşğuldur. KİVDF vasitəsilə “mediaya dəstək” bir qrup adamın dövlət büdcəsi hesabına varlanmasına xidmət edən korrupsiya mexanizmindən başqa bir şey olmayıb. Mən tam əminliklə deyirəm, bu illər ərzində qəzetlərə layihənin maliyyələşdirilməsi, birdəfəlik yardım adı altında ayrılmış vəsaitlərin, kiçik istisnalarla, ən azı 50-60 faizi həmin qəzetlərin rəhbərləri və pulu ayıranlar tərəfindən mənimsənilib. Fondda rəsmiləşdirilən tirajlar, satış faizləri dəfələrlə şişirdilib. Heç bir nəzarət, hesabatlılıq mexanizmi olmayıb. Məsələn, əvvəllər Fonddan hər ay 10, daha sonra 20 min manat vəsait alan qəzet maliyyələşmə iki dəfə artırıldığı halda, nəinki onsuz da cüzi olan, 1000 nüsxəni keçməyən tirajını az da olsa artırmayıb, heç olmasa görüntü üçün bircə yeni işçini belə redaksiyaya cəlb etməyib. Yəni faktiki olaraq vəsaitin 60-70 faizi mənimsənilib. Eyni mexanizm ev bölgüsündə də işləyib: Jurnalist binasından jurnalist adı altında 3-4, hətta daha çox ev alan ailələr, tayfalar var.


Hesab edirəm ki, dövlətə, cəmiyyətə zərrə qədər faydası olmayan bu mexanizm tamamilə dağıdılmalıdır. KİVDF-nin və Mətbuat Şurasının işi sil başdan yenidən qurulmalıdır. Bu sistemi “əl gəzdirməklə” və sükanı arxasına yeni bir şəxsi keçirməklə yaşatmaq cəhdləri heç bir nəticə verməyəcək. İşlər təməldə düzgün qurulandan sonra əldə çomaq medianın başı üzərində durmağa ehtiyac qalmayacaq.


Eyni zamanda şəffaflıq və hesabatlılıq hər şeydən öndə durmalıdır. Maliyyələşdirilən qəzetlərin sayı maksimum 8-10-a endirilməli, onlayn mediada isə baş redaktorunun təşkilatçılıq qabiliyyətinə, təcrübəsinə və peşəkarlığına görə artıq müəyyən qədər uğur qazanmış, heç olmasa 10 min oxucusu olan, informasiya siyasətinin əsasını ciddi ictimai-siyasi mövzular təşkil edən, bəlli kollektivi, ünvanı, sosial ödəmələri olan saytlara üstünlük verilməlidir. Yəni azad rəqabət şəraitində təbii yolla önə çıxanlar dəstəklənməlidir.


Həmçinin KİVDF yanında hamının etibar etdiyi ekspert şurası yaradılmalı, bütün maliyyələşmə, bölgü məsələləri bu şurada şəffaf şəkildə həll olunmalıdır. Bu yolla səviyyəli və məsuliyyətli medianın inkişafı təmin oluna bilər”.


E.Məhərrəmli hesab edir ki, Mətbuat Şurasının növbədənkənar qurultayının keçirilməsinə də ehtiyac var: “Medianın özünütənzimləmə orqanı olan Mətbuat Şurası da dövrün tələbinə uyğun şəkildə yenilənməlidir. Mənim fikrimcə, Mətbuat Şurasının İdarə Heyəti legitim deyil. Şəxsi müşahidəmə əsasən deyirəm: bu heyət qurultay tərəfindən seçilməyib, o vaxtkı şöbə müdiri tərəfindən təyin olunub. Orda elə adamlar var ki, qurultaydan heç 10 səs də ala bilməzdilər. Hamının gözləri qarşısında seçki oyunu oynanıldı və əvvəlcədən hazırlanmış siyahı elan olundu. Heç bülletenləri saymağa belə ehtiyac görmədilər. Baxmayaraq ki, iclas salonunda hakimiyyət üçün arzuolunmaz hesab oluna biləcək bircə nəfər belə yox idi...


Əgər media islahatından danışırıqsa, tezliklə Mətbuat Şurasının qurultayı çağırılmalı, azad seçki yolu ilə onun seçkili orqanları formalaşdırılmalı, mətbuatda və cəmiyyət arasında nüfuzu olan hörmətli adamlar onun rəhbər orqanlarına gətirilməlidir. Bundan sonra Mətbuat Şurası ilk vaxtlardakı nüfuzunu bərpa edə və medianın bir çox problemlərinin həllində aktiv rol ala bilər”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top