“Ən sərt polemikanın tərəfdarıyam, amma təhqir və söyüş yolverilməzdir” — Adil Əliyev

SİYASƏT 30 may 2020, 22:21

Amerika Birləşmiş Ştatları hazırda müxtəlif problemlərlə üz-üzə qalıb. Amerikada bir tərəfdən koronavirusdan vəfat edənlərin sayı 100 mini keçib, ştatların birində polis tərəfindən qaradərili vətəndaşın öldürülməsi cidd qarşıdurma yaradıb, üstəgəl sosial şəbəkələrlə bağlı müzakirələr qızışıb.
 

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb. Ağ Ev sahibinin fikrincə, sosial şəbəkələrin rəhbərləri istədikləri halda senzuradan istifadə edirlər. Amerika prezidenti “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib. Məsələ burasındadır ki, adı çəkilən sosial şəbəkə ABŞ prezidentinin statuslarından birini paylaşmaqdan imtina edib. Sosial şəbəkə Trampın mesajı altında dövlət başçısının fikrinə xəbərdaredici nişan yerləşdirib. Amerika prezidenti bunu sosial şəbəkə tərəfindən özünə qarşı senzura kimi qiymətləndirib.

 
Amerika prezidentinin sərəncamı hər yerdə müzakirə edilir. Amerika demokratiyanın beşiyi sayılmasına rəğmən, sosial şəbəkədə məhdudlaşdırıcı addım atıb. Əlbəttə, bu məsələ Amerika məhkəməsinin predmetinə də çevrilə bilər. Ancaq hər halda hakimiyyətlə sosial şəbəkələr arasındakı qovğa göz qabağındadır. Bəzən Amerikanı bizə misal çəkənlər bu ölkədə faktiki senzuranın tətbiqini nəzərdən qaçırmamalıdırlar.

 
Azərbaycanda internet azaddır. Azərbaycan prezidenti İlham Əliyevin də vurğuladığı kimi ölkəmizdə internet istifadəçilərin sayı ilbəil artır, heç bir məhdudiyyət yoxdur, sosial şəbəklərdə kim nə istəyir yaza bilir. Elə sonuncu məsələ son zamanlar cəmiyyətimizi ciddi narahat edir. Mən də məhudiyyətlərin əleyhinəyəm, sosial şəbəklərdə ən sərt polemikanın tərəfdarıyam. Ancaq təhqir və söyüş yolverilməzdir. Necə ki, adi həyatda söyüş və təhqir qəbuledilməz sayılır və buna görə cinayət məsuliyyəti nəzərdə tutulub, eləcə də sosial şəbəkələrdə bu cür halların qarşısını alınması barədə düşünməliyik. Elələri var ki, oturub xaricdə dayanmadan söyüş və təhqir yazırlar, insanları aşağılayırlar və düşünürlər ki, onlara buna görə məsuliyyətə cəlb olunmayacaqlar. Millət vəkili olaraq sosial şəbəkələrdə söyüş və təhqirin ortadan qaldırılması, bunu edənlərin isə məsuliyyətə cəlb olunmasına çalışacam. Hələliksə, sosial şəbəkələrdə söyüş və təhqir yazanları elliklə bloklamaq və onları şikayət etməklə qarşılarını ala bilərik.

 

Adil Əliyev
 

Milli Məclisin sədr müavini

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top