15 yaşında 677 bal toplayan ən gənc tələbə ...

SOSİAL 27 avq 2018, 21:09

“Yaşımın az olması  gələcək  karyeramda bir az çətinlik yarada bilər, amma hansısa ciddi əngəllər törədəcəyinə inanmıram”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında bu il ali məktəbə qəbul olunan  ən gənc tələbə - Zöhrə Qurbanova deyib. 15 yaşında 677 bal toplayaraq universitetə qəbul olunan Zöhrə Qurbanova Bakı Dövlət Universitetinin  Hüquq fakültəsini seçib:

 

“Tərtər rayon Dəlisoy kənd tam orta məktəbini bitirmişəm. Bu yaşda tələbə olmağımın səbəbi məktəbə tez getməyimdir. Orta məktəbə Təhsil Şöbəsində imtahan verərək qəbul olunmuşam.

 

Belə erkən yaşda bu balı toplamaq o qədər də çətin olmadı.

 

İki ildir ki, qəbul imtahanına hazırlaşırdım. Hüquq fakültəsini isə öz istəyimlə seçmişəm. Əmim də hüquqşünasdır. Ödənişsiz təhsil alacam”.

 

Onun sözlərinə görə ali məktəbə erkən  yaşda imtahan vermək dərsləri qavramasına çətinlik yaratmayıb:

 

“Universitetə hazırlaşanda çox dərs oxumur, gün ərzində təxmini 6-7 saat dərslərimlə məşğul olurdum. Bütün günün oxumaqla da bu qədər bal toplamaq olmaz” .

 

O qeyd edib ki, heç vaxt məktəbə iki il  gec getməyi arzulamayıb:

 

“Məqsədim 700 bal toplamaq idi. Yaş məsələsi sinif yoldaşlarımla  münasibətimdə heç bir çətinlik yaratmayıb. Həmişə mənimlə yaşıdları kimi ünsiyyətdə olublar.

 

Universitetə belə qəbul olunmağın üstünlükləri də var. Çünki bu yaşda bu uğuru qazanmaq özü elə bir fəxrdir. Buna görə özümü çox yaxşı hiss edirəm.

 

Gələcəyin savadlı hüquqşünası olmaq, dövlət orqanlarında çalışmaq istəyirəm.  Yaşımın  az olması gələcək karyerama bir az çətinlik yarada bilər, amma hansısa ciddi əngəllər törədəcəyinə inanmıram”.

 

 

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top