Bu gün İstanbulun fəthindən 567 il ötür

MARAQLI 29 may 2020, 12:51

Bu gün Konstantinopolun (İstanbulun) fəthindən 567 il ötür.


Demokrat.az xəbər verir ki, 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklər Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçiriblər.


TARİX

 

Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınıb. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər şəhəri almağa çalışıb, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Onlar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər.


Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi.


Mühasirə vaxtında Macarıstan krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı. Növbəti il mühasirə yenidən başladı və bu dəfə dəniz bağının qarşısını kəsmək üçün Anadolu Hasarı inşa edildi. Bizans İmperatorunun sülh təklifindən sonra mühasirə başa çatdı. Ankara döyüşündən sonra Osmanlı Fetrət dövrünü yaşadı. Bu dövrdə Konstantinopol I Bəyazidin oğlu olan Musa Çələbi tərəfindən 1412-ci ildə yenidən mühasirəyə alındı.  


6 aprel 1453-cü ildə Osmanlı quru qoşunları Qızıl Buynuzdan Mərmərəyə doğru qala divarlarının önündə mövqe tutur.


6 apreldə ruh yüksəkliyini artırmaq üçün imperatorun əmri ilə zirehli və silahlı təqribən min əsgər Osmanlı ordusunun görəcəyi şəkildə qala divarlarında yürüş keçirdi. Bizansın müdafiəsi belə təşkil olunmuşdu; Müqəddəs Romanos qapısı Yustiniyani və əsgərləri, Müqəddəs Romanos və Adrianopol qapıları arasındakı mövqe əsasən Bizans-Genuya, Müqəddəs Romanos və cənubdakı Selimbriya qapısı arasındakı mövqe isə Bizans-Venesiya qüvvələri tərəfindən qorunurdu.


Osmanlı ordusu hücuma başlamazdan əvvəl şəhərin ətrafındakı yaşayış yerlərini dağıtdı. Topların yerləşdiriləcəyi yerləri seçmək üçün şəhər divarlarının ən zəif yerləri müəyyən edildi. Qalata cəbhəsində Zağanos paşanın qüvvələri, divarların cənub hissəsində Anadolu bəylərbəyi İshaq paşa, şimal hissəsində isə Rumeli bəylərbəyi Qaraca paşa mövqe tutdu. 


Osmanlıların tökdürdüyü ən böyük top əvvəlcə Kaliqariya qapısı önünə yerləşdirilsə də, həmin mövqe güclü hesab olunduğundan top Müqəddəs Romanos qapısı önünə gətirildi. Topların mövqelərini tutmasından iki gün sonra Baltaoğlu Süleyman paşanın komandanlığındakı Osmanlı donanması Prinkiposla Antiqonini və Tarabyadakı bir Bizans qalasını ələ keçirdi.


II Mehmed vəziri Vəli Mahmud paşanı imperatorun yanına elçi kimi göndərərək şəhərin təslim edilməsini istəyir. Konstantinsə cavab olaraq şəhəri qorumağa and içdiyini, ancaq istəyərlərsə vergi verə biləcəyini bildirir.


12 aprel 1453-cü ildə Osmanlının topçu hücumu başlayır. Dövrünə görə güclü hesab olunan bu toplar çoxlu mənbələrə görə güclü gurultu çıxarırdı və şəhəri qoruyanların ruh yüksəkliyinin azalmasına səbəb olurdu.  


II Mehmed ordunu 3 yerə bölmür. Birinci qrup qocalardan və xristianlardan, ikinci qrup orduya qoşulmuş müsəlman kəndlilər və azablardan, üçüncü qrup isə yeniçərilərdən təşkil olunur. Hər üç qrupun da təqribən 50 min nəfərdən ibarət olduğu qeyd olunurdu.


29 may çərşənbə axşamı Osmanlı ordusu namaz qıldı və mehtər birliyi hücum marşı çalmağa başladı. Qocalardan və xristianlardan təşkil olunmuş qrupun başlıca vəzifəsi nərdivanları divarlara qədər çatdırmaq olur. Gün çıxmazdan əvvəl döyüş başlayır. Divarlara dayadılan nərdivanlar dərhal Bizans əsgərləri tərəfindən aşırılmış, divarlara yaxınlaşan əsgərlər də atılan daş və oxlarla öldürülmüşdü. Bu qrupun hücumu iki saat davam etdi.


Böyük itki verən bu qrup ordugaha doğru qaçmağa başladı. Buna baxmayaraq bir gün əvvəl verilmiş əmr yerinə yetirildi. Qaçan əsgərlərin bir hissəsi öldürüldü və geri qayıtmağa məcbur edildilər. Növbə əsas hücum qüvvəsi olan ikinci qrupda idi. Bu qrupun da hücumu başladı. Hücum getdikcə Müqəddəs Romanos qapısı yönündə şiddətlənməyə başlamışdı. Buna baxmayaraq ikinci qrupun əsgərləri də divara çıxa bilmirdi. Bizans əsgərləri qızğın yağ, yunan odu, daş və ox ataraq hücumları uğursuzluğa düçar edirdi. İkinci qrup yorulmağa başlamışdı və bu Bizans əsgərlərində ruh yüksəkliyinə səbəb olurdu. Bir saat yarımlıq toqquşmadan sonra ikinci qrupdan da geri çəkilən əsgərlər oldu. Geri çəkilənlər yenə də komandirlərinin cəzalandırmalarına məruz qaldı.


II Mehmed bir neçə qaçan əsgəri toppuzu ilə cəzalandırdı. II Mehmed üçüncü qrup olan yeniçərilərlə birlikdə divarlara yaxınlaşdı.


Bizans əsgərləri artıq yorulurdu. Dinc və təcrübəli yeniçərilər sıralarını pozmadan divarlara yaxınlaşırdı. Bir gecə əvvəldən İmperator Konstantinin əmri ilə qarşı hücum üçün açılan Kerkoporta qapısından təqribən 50 Osmanlı əsgərinin içəri girməyi Bizans tərəfində ruh düşgünlüyünə səbəb oldu. Həmin vaxt böyük Osmanlı topundan açılan atəş nəticəsində divarda yeniçərilərin keçə bilməsi üçün yer açıldı və yeniçərilər Bizans birlikləri ilə toqquşmağa başladı. Müşahidə qülləsinə girməyi bacaran Osmanlı əsgərləri öldürüldü və yeniçərilərin də geriyə çəkilməyə məcbur edildiyini görən Bizans əsgərləri sevinməyə başladı. Buna baxmayaraq böyük topdan yenidən atəş açıldı və geridə qalan Osmanlı birlikləri də hücuma başladı. Birinci divar Osmanlıların əlinə keçdi. Bu mövqeləri azablarla möhkəmləndirən yeniçərilər ikinci divara hücuma başladı.


II Mehmed vəzirləri və komandanları ilə birlikdə Müqəddəs Romanos qapısından şəhərə girir. Aya Sofyanın önünə gələn II Mehmed səcdə edərək torpağı öpdü və kilsəyə sığınanların təkcə kölə ediləcəyini bildirərək çölə çıxmalarını istədi. Onların canlarına toxunulmadı.


II Mehmedin Ayasofyadakı mozaikaları və dəyərli mərmərləri müşahidə etdiyi tarixi qaynaqlarda qeyd olunur. Bu mərmərləri sökməyə çalışan bir əsgərə sərt reaksiya verdi və şəhərdəki bütün binaların onun mülkü olduğunu bildirdi. Hücumdan əvvəl əsgərlərə verilən üç günlük talan icazəsinə baxmayaraq əsgərlərə talanı dərhal dayandırmağı, tabe olmayanlarınsa edam olunmasını əmr etdi.(qazet.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top