"Bu, məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir" — Deputat

SOSİAL 28 may 2020, 22:36

"Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir.


Demokrat.az bildirir ki, bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseyov bildirib.


Deputat əlavə edib ki, Azərbaycan dövlətinin yürütdüyü sosial siyasətin ən mühüm prioritetlərindən biri məcburi köçkünlərə davamlı qayğının göstərilməsidir. Vaxtilə çadır düşərgələrində yaşayan bu insanların yeni yaşayış komplekslərinə və qəsəbələrə köçürülməsi ideyasının müəllifi olan Ulu öndər Heydər Əliyev ölkəmizin iqtisadi imkanlarını ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldirdi. Təsadüfi deyil ki, Dövlət Neft Fondunda toplanan ilk vəsait Ulu öndərin müvafiq fərman və sərəncamları ilə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilib:


"Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ünvanlanan tədbirlər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ölkəmiz MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir. Cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi".


Millət vəkili bildirib ki, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə qəbul edilmiş Dövlət Proqramlarının icrası sayəsində onların sosial durumu, yaşayış şəraiti yaxşılaşıb:


"Onlar üçün 100-dən artıq qəsəbə və yaşayış kompleksləri inşa edilib. Çocuq Mərcanlıda və vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 1000-dən artıq məcburi köçkün ailəsi üçün inşa edilmiş müasir şəhərcik istifadəyə verilib. Bütün bunlar onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən isə onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları, qəsəbələr salınır və minlərlə köçkün bu torpaqlara qayıdır".


Aydın Hüseynov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə də diqqət çəkərək vurğulayıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində "Qobu Park" yaşayış kompleksləri yaradılmaqdadır. İndiyədək 2 yaşayış kompleksində minlərlə ailə evlə təmin edilib. Cənab Prezidentin və Mehriban xanımın iştirakı ilə "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi isə dövlətin onlara olan qayğısının ən yüksək nümunəsidir.


Millət vəkili onu da bildirib ki, bu gün bütün Azərbaycan xalqının bir amalı var: "Doğma torpaqlarımızı erməni cəladlarından geri almaq, əzəli torpaqlarımıza qayıtmaq və o torpaqlarda əbədi məskən salmaq. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi strateji siyasət də bu arzumuzun gerçəkləşməsi üçün tarixi zəminin yetişdiyini, tezliklə əzəli torpaqlarımıza sahib olacağımız günün uzaqda olmadığını deməyə tam əsas verir".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top