"Federasiyaya 250 min manat vəsait ayrılıb" – Nazirliyin Məmmədyarova cavabı

İDMAN 27 avq 2018, 16:29

Gənclər və İdman Nazirliyi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Facebook-da yazdıqlarına cavab verib.

 

Demokrat.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Realtv.az-a bildirib ki, Şəhriyar Məmmədovun bəyanatı ilə tanışdırlar: “Şəhriyar hazırda çox ağır bir yarışdadır və bu səbəbdən əsəb, gərginlik, narahatlıq ola bilər. Düşünürük ki, yazdıqları bu hisslərdən irəli gələ bilər. Şəhriyar dünyanın üç ən güclü şahmatçısından biridir. Adını qürurla çəkdiyimiz şahmatçımızdır”.

 

Səmayə Məmmədova deyib ki, 2017-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən şahmat idman növünə 250 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların təlim-məşq toplantılarına göndərilməsindən tutmuş, onların yarışlarda iştirakı, yarış müddətində yaşamaq, qidalanmaq və s. bu vəsait hesabına ödənilir. Bəzən əlavə xərclər olur və onlar da nazirlik tərəfindən təmin edilir. Bununla yanaşı, 2018-ci il üçün Şahmat Federasiyası tərəfindən təqdim olunan təqvim əsasında 200 min manat da ödənilib. Təbii ki, əlavə xərclər olacaqsa, onlar da ödəniləcək”.

 

Nazirliyin sözçüsü qeyd edib ki, heç bir şahmatçı yarışlara öz hesabına getmir. Səmayə Məmmədova bildirib ki, şahmat idman növü Azərbaycan prezidenti İlham Əliyevin tərəfindən daim diqqətdə saxlanılır: “Şahmat cənab prezidentin idmançılarımız yarışlardan qayıdanda onların qəbulu, eləcə də həm maddi, həm də mənəvi cəhətdən dəstəklədiyi, diqqət ayırdığı idman növlərindən biridir”.

 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov sosial şəbəkədəki şəxsi hesabında paylaşım edərək, sponsorunun olmamasından şikayətlənib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top