“Merkelin Azərbaycana səfəri yeni imkanlar yaradır” - Deputat

SOSİAL 27 avq 2018, 16:07

“Almaniya dünyanın dördüncü, Avropa qitəsinin ən güclü ölkələrindən biridir. Xüsusilə də son dövr ərzində dünyada baş verən geosiyasi və geoiqtisadi proseslər Almaniya kimi dövlətlər üçün müxtəlif regionlar üzrə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək, dərinləşdirmək istəklərini reallaşdırma imkanları formalaşdırır. Əlbəttə ki, xanım Merkelin Azərbaycana səfəri də bu baxımdan istisna təşkil etmir”.

 

Modern.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizə 250 milyard dollar sərmayə qoyulub.

“Davos Ümumdünya İqtisadi Forumu da Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb. Artıq bu gün Azərbaycan Cənubi Qafqaz regionunun maliyyə və iqtisadi kütləsinin 75 faizini özündə cəmləşdirir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfələr verməkdə davam edir. Hətta, Azərbaycanın malik olduğu tranzit-kommunikasiya infrastrukturu perspektiv karbohidrogen layihələrin reallaşdırılması üçün də əlverişli şərait yaradır”.

 

S.Vəliyeva deyib ki, eyni zamanda Azərbaycanın Avropa İttifaqına daxil olan dövlətlərin bir çoxu ilə ikitərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri də mövcuddur.

“Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Bu mənada, Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 mlrd. dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15 faiz təşkil edib və 3,7 mlrd. dollar olub”.

 

Deputatın sözlərinə görə, müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb.

 “Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. Elə Azərbaycanın Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olması faktı da bu göstəricilərə əlavə edilir. Məhz bu və digər səbəblər Almaniyanın Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək, dərinləşdirmək planlarının reallaşdırılmasına şərait yaradır və Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsi Cənubi Qafqaz və Avropa regionu üçün xüsusi əhəmiyyət kəsb edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top