"Qarabağın 30 il işğal altında qalması bizim kimi Türkiyəni də alçaldır" — Deputat

SİYASƏT 27 may 2020, 21:12

Demokrat.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

 

- Qüdrət bəy, Milli Məclisin növbəti iclasında Azərbaycanla Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişin təsdiq olunması barədə Qanunun  müzakirəyə çıxarılacağı gözlənilir, söhbət nədən gedir? 

 

- Söhbət 25 fevral 2020-ci il tarixdə Bakıda imzalanmış sazişə görə Türkiyə hökumətinin Türkiyədə 100% yerli istehsalla məşğul olan  şirkətlərdən hərbi məqsədlərlə satın alınacaq mal və xidmətlətər üçün 200 milyon Türk lirəsinin ayrılmasından gedir. Xalqımız  bunu yüksək qiymətləndirməklə yanaşı Türkiyədən Qarabağın işğaldan  azad olunmasına və Azərbaycan Ordusunun gücləndirilməsinə daha ciddi töhfə verməsini gözləyir.

 

- Mətbuatda Qarabağın azadlığı və ölkəmizin təjlükəsizliyi üçün Türkiyə ilə hərbi ittifaqın yaradılmasına dair Müqavilə inmazalanmasının zəruriliyi barədə  materillar dərc olunur. Sizin bu məsələyə münasibətiniz necədir?

 

- Əslində 16 avqust 2010-cu ildə Türkiyə ilə "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqavilənin 2-ci maddəsi, əsgəri yardımın göstərilməsi nəzərdə tutulmasa da, hərbi ittifaqın yaradılması deməkdir. Həmin maddədə deyilir: "Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla,mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəlirlər.Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdıırılacaqdır."

 

Müqavilənin 10-cu maddəsində müdafiə sahəsində əməkdaşlıq çərçivəsində müdafiə təyinatlı məhsulların təchizatı nəzərdə tutulsa da  tədbirlər sırasında əsgəri yardımın göstərilməsi qeyd olunmur. Əsgəri yardım haqqında müddəa Müqaviləyə daxil edilsə, bu, NATO, yaxud KTMT tipli yeni hərbi  ittifaqın yaradılması olar. Amma düşünmürəm ki, bu Qarabağ probleminin həllinə kömək edə bilər. Çünki əvvəllər də demişəm ki, bu problemin risksiz və  az qan tökülməsi ilə həllini istəyiriksə Rusiyanın problemin həllində maraqlı olmasına çalışmalıyıq. Türkiyənin Qarabağ daxil istənilən məsələyə görə böyük nüvə arsenalına malik Rusiya ilə üz-üzə gəlməsi bizim milli və dövlət maraqlarımıza cavab vermir.

 

Sadəcə Türkiyə regionun böyük dövləti kimi Azərbaycanla bərabər Rusiya və İranla Qarabağın azadlığı üçün danışıqlar aparmalıdır. Çünki hər iki dövlətin Türkiyə ilə əməkdaşlığa böyük ehtiyacı var. Türkiyə həmin dövlətlərə hansısa məsələlərdə güzəştə gedib onları Qarabağ  probleminin həllinə razı sala bilər. Bu Türkiyənin qardaşlıq borcudur. Qarabağın 30 il işğal altında qalması bizi alçaltdığı kimi "bir millət iki dövlət" şüarını qəbul edən Türkiyəni də alçaldır, onun beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Türk dövlətlərinin qorxusuz yaşaması və özünün təhlükəsizliyi üçün Türkiyənin nüvə dövlətinə çevrilməsinə böyük ehtiyac var.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top