"Avropa Məhkəməsi 5 ildir atamgilin məhkəmə işini süründürür" — AÇIQLAMA

SİYASƏT 26 may 2020, 18:20

Xəbər verdiyimiz kimi bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana və Macarıstana qarşı “Ramil Səfərovun işi” ilə bağlı qərarını açıqlayacaq. Xatırladaq ki, Ermənistandan olan iki şikayətçi-qətlə yetirilən Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyan Azərbaycan və Macarıstana qarşı şikayət veriblər. 


Bəs görən ermənilərin iddiasına daha tez reaksiya verən Avropa Məhkəməsi beş ildir ki, erməni girovluğunda ağır şərtlər altında cəza çəkən Dilqəm Əsgərovla, Şahbaz Quliyevin məhkəmə işinə bu günə niyə baxmır?!


Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı moderator.az-ın sualını Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov cavablandırıb və o, Avropa Məhkəməsinin bu günə kimi girovların işinə səhlənkar yanaşdığını deyib:


“Biz artıq beş ildir ki, atamgillə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə iş vermişik və məhkəmə işi icraata götürüb kommunikasiya qəbul etmişdi və bildirirdi ki, Azərbaycan-Ermənistan və Avropa Məhkəməsi tərəfindən üçtərəfli danışıqlar gedir. Bu işlə isə məşğul olan Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovdur. Anar müəllim də mətbuata açıqlamasında bildirmişdi ki, Avropa Məhkəməsi yaxın müddətdə işə baxmalıdır. Təəssüflər olsun ki, hər zaman olduğu kimi beynəlxalq təşkilatlar qərəzli mövqedən çıxış edirlər. Bunun da bariz nümunələrindən biri də atamgilin məhkəmə işidir ki, beş ildir məhkəmə tərəfindən süründürülür və məhkəmə nədənsə işə baxmaq istəmir”.


K.Əsgərov deyib ki, artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları da pandemiyaya görə atasıyla görüşə bilmirlər:


“Atamdan yenə bir neçə cümləlik məktub aldım. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının da atamgili ziyarət etməsi üçün problemlər yaranıb. Koronavirusa görə bu dəfə onlar atamı görməyiblər və ermənilər özləri məktubu aparıb-gətiriblər. Onlar birbaşa atamgillə görüşə bilməyiblər, buna ermənilər icazə verməyiblər”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top