Qubad İbadoğlu: “Elçibəy hakimiyyətinə etimadı icra başçıları sarsıtdı”

GÜNDƏM 26 may 2020, 12:47

Yerli icra hakimiyyətləri strukturunun ləğvi hələ də müzakirə mövzusudur. 


Demokrat.az xatırladır ki, bu məsələ Dövlət Təhlükəsizlik Xidmətinin icra hakimiyyətlərində keçirdiyi xüsusi əməliyyatlardan sonra gündəmə gəlib. İcra hakimiyyətlərinin ləğv olunması təklifi deputatlar səviyyəsində də səsləndirilib.


İqtisadçı alim Qubad İbadoğlu mövzu ilə bağlı fikirlərini paylaşıb. O bildirib ki, AXC-Müsavat hakimiyyətinin süqutunda da icra başçılarının misilsiz xidməti olub. “Bir çox rayonlarda məhz onların səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində xalqın Elçibəy hakimiyyətinə etimadı azaltdı və milli demokratik qüvvələrin xalq arasında dayağı sürətlə sarsıldı”, - deyə iqtisadçı alim vurğulayıb.


Daha sonra Qubad İbadoğlu son kadr təyinatlarına toxunub: “Son zamanlar icra başçısı vəzifəsinə təyinat alanlar arasında qınaq obyektinə tuş gələnlər İsmayıllı, Neftçala və Ağstafa rayonlarının hazırkı başçılarıdır. Onlar arasında sonuncu rayona təyinat alan icra başçısı Seymur Orucov ictimaiyyət arasında daha çox müzakirə olunur, bəzən haqlı, bəzən də haqsız qınağa rast gəlir. Seymur Orucovun ingilis dilində çıxışı onun biliklərinin səviyyəsini xarakterizə etmək üçün göstərici olsa da mən onun ingilis dilinin qolunu və qıçını sındırdığına görə qınanmasını düzgün hesab etmirəm, çünki ona qınamaq üçün buna qədər yetərli arqumentlər mövcuddur.


Nigeriyada hər kəs ingilis dilində danışır, amma bu o demək deyil ki, onlardan yaxşı icra başçısı çıxa bilər. Digər tərəfdən də Azərbaycan rayonları müstəqil iqtisadi agent deyil, onların malyyə muxtariyyatı yoxdur ki, vergi və gömrük tənzimlənməsinə təsir etməklə daha əlverişli biznes mühiti yaradıb xaricdən birbaşa sərmayə cəlb etsinlər”.


İqtisadçı alimin fikrincə, icra başçısı vəzifəsində çalışmaq üçün daha vacib keyfiyyətlər peşəkarlıq, düsrüstlük, vətənpərvərlik, dövlətçilik, ünsiyyət bacarığı və işgüzarlıq olmalıdır. “Peşəkarlıq dedikdə icra başçısının regional iqtisadiyyat və yerli idarəetmə sahəsində bliklərinin və təcrübəsinin mövcudluğunu nəzərdə tuturam. Dürüstlük icra başçısının gəlirlərini və əmlakını bəyan etməsindən başlamalıdır. İcra başçıları bizneslə məşğul olmamalı, korrupsiyadan və rüşvətə qarşı mübarizə aparmalıdırlar. Onların açıq və səmimi olması, xalq yaxınlığı ilə seçilməsi ilə yanaşı, dövlətçiliyə bağlılığı da vacibdir. Xüsusilə də sərhəd rayonlarına rəhbərlik edənlər üçün milli təhlükəsizlik məsələlərini bilməsi, daim rayonun, dövlətin mənafeyini qoruması vacibdir. Nəhayət, ünsiyyət bacarığı və işgüzarlıq, daim çalışmaq, gününü istirahət yerlərində deyil, iş yerlərində keçirmək lazımdır. Azərbaycanda bu meyara uyğun gələn çoxsaylı gənc olsa da onların icra başçısı vəzifəsinə təyinat almaq şansı sıfira bərabərdir, hətta belələri icra başçısı təyin olunsa da hazırkı şərtlərlə işləyə bilməzlər. Çünki, hazırkı təyinatlarda qohumbazlıq, regionçuluq, rəhbərə sədaqət, müxalifətə nifrət öndə olan meyarlardır.


Əslində ən düzgün yol budur: icra hakimiyyətləri ləğv olunur, onların yerini xalqın azad və ədalətli seçkidə mandat verdiyi bələdiyyələr tutur”, - deyə Qubad İbadoğlu əlavə edib.(Yenisabah.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top