Nazirliyin vəzifəli işçisi vətəndaşı necə aldadıb? — Şok təfərrüat (ÖZƏL)

KRİMİNAL 23 may 2020, 12:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Qalib Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumat görə, Qalib Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyərkən Bərdə rayonu Qarağacı kəndində yaşayan Adıgözəl İsgəndərov ilə aralarında olan dost münasibətlərinə görə sonuncunun ona olan inam və etibarından suiistifadə edib.


Qalib Abbasov Adıgözəl İsgəndərovu aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləməsindən irəli gələn qulluq mövqeyindən istifadə etməklə onu işə düzəltmək imkanına malik olduğunu, qeyd edilən mənsəbi aidiyyəti səlahiyyətli vəzifəli şəxsin edəcəyi hərəkətə görə həmin vəzifəli şəxsə maddi nemət olan pul verilməsi müqabilində həll edəcəyini yalandan bildirib.


Qalib Abbasov Adıgözəl İsgəndərovu aldadaraq ondan 8.000 manat məbləğində pul istəyib. O, 8 aprel 2015-ci il tarixdə Bərdə şəhərində yerləşən "Muğan məkanı" kafesində Adıgözəl İsgəndərovdan həmin məbləğdə pulu alıb, onu inandırmaq üçün həmin vaxt kağız parçası üzərində öz xətti ilə "'işə götürmək üçün 8.000 manat pul alması"na dair qeyd yazıb, işlədiyi həmin idarənin möhürü ilə təsdiq edib.


Qalib Abbasov aldığı həmin məbləğdə pulu şəxsi ehtiyaclarına sərf edərək Adögəzəl İsgəndərovun əmlakını qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.


Qalib Abbasovun pulu almasından uzun müddət keçməsinə baxmayaraq Adıgözəl İsgəndərov işin düzəlmədiyini görüb.


Hər dəfə soruşanda isə Qalib Abbasov yaxın günlərdə işin düzələcəyi barədə vəd verib. sonda Adıgözəl İsgəndərov aldadıldığını başa düşüb. O, 2019-cu ildə Qalib Abbasovun əməlindən hüquq-mühafizə orqanlarına məlumat verib.


İstintaq orqanı tərəfindən Qalib Abbasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq töərtmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.


Bərdə rayon Məhkəməsinin hökmü ilə Qalib Abbasovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq müddəti olamqla 3 il müddətinə şərti cəza təyin olunub.


Hökmdən narazı qalan Qalib Abbasov apelyasiya şikayəti verib. O, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.


Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Qalib Abbasovun barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə verdiyi şikayət təmin olunmayıb.


Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qalıib Abbasovun barəsində şərti cəza ləğv olunub. Məhkəmə onun barəsində 3500 manat cərimə cəzası təyin edib.


Bu qərardan narazı qalan Qabil Abbasov barəsində olan cinayət işinə  bəraətverici əsaslarlaxitam verilməsi barədə kasasiya şikayəti verib.


Qalib Abbasovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Qərara görə, Qalib Abbasovun kasasiya şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top