Dayı-bacıoğlu arasında qanlı dava — DƏHŞƏTLİ QƏTL

KRİMİNAL 20 may 2020, 11:44

Cəlilabad rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Ramil Manafovun məhkəməsi başa çatıb.


Demokrat.az-ın xəbərinə görə, Ramil Manafovun əvvələr baş vermiş ədavətə görə münasibət saxlamadığı dayısı Mehman Cəfərov 7 oktyabr 2018-ci il tarixdə onların Qarazəncir kəndindəki evinə gəlib.


Bu vaxt evə gələn Ramil Manafov atası Ariflə görüşüb. Sonra həmin həyətə giriş darvazasına yaxınlaşanda atası ilə Mehman Cəfərovun mübahisə etdiklərini eşdib.


Ramil Manafov geri qaydaraq evin dəhlizinə daxil olanda sərxoş vəziyyətdə olan Mehman Cəfərovun hər iki əlində tutduğu bıçaqla atasını öldürməklə hədələdiyini görüb. O, müdaxilə etdikdə Mehman Cəfərov onunla mübahisəyə başlayıb. Bu zaman Mehman Cəfərov sağ əlində tutduğu bıçaqla onun dodaq nahiyəsinə vurub.


Bundan qəzəblənən Ramil Manafov Mehman Cəfərovu əlləri ilə sinəsindən itələyib, arxası üstə döşəmənin üzərinə yıxıb, sonra sağ əlində tutduğu bıçağı alıb. Bıçaqla onun qarın nahiyəsinə bir zərbə vurub. Mehman Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb.


İstintaq orqanı tərəfindən Ramil Manafovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Manafov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Ramil Manafov apelyasiya şikayəti verib. Qətl hadisəsində günahsız olduğunu qeyd edən Ramil Manafov zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində cinayəti törətdiyini göstərib.


O, əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada cəza verilməsini istəyib.


Zərərçəkmiş şəxsin hüquqi varisi Şəkərbacısı Qasımova bildirib ki, Ramil Manafov ərinin bacısı oğludur. Ramilin cinayət əməlini Mehman Cəfərovun hərəkətlərinin təsiri altında törətdiyini deyib və əməlinə görə onun ailə üzvlərindən üzr istəyib. O, Ramil Manafovu bağışlayaraq barışdığını qeyd edib, şikayəti olmadığını, verilən apelyasiya şikayətinin təmin edilməsini xahiş edib.

Ramil Manafovun şikayəti Şirvan Apelyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti Ramil Manafovun şikayəti qismən təmin edilib və onun cəzası 9 il 6 aya endirilib.


Bu qərardan narazı qalan təqsirləndirilən şəxs kasasiya şikayəti verib. onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb.


Sonda hakim heyəti Ramil Manafovun şikayətinin təmin edilməməsi barədə qərar elan edib.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top