Xose Bernardo və qardaşını öldürmək istəyənin məhkəməsinin vaxtı AÇIQLANDI

KRİMİNAL 18 may 2020, 12:10

Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.


Demokrat.az-ın xəbərinə görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.


Məhkəmənin hazırlıq iclası iyunun 2-nə təyin olunub.


İş hakim İlham Mahmudovun icraatında araşdırılacaq.


İttihama görə, hadisə ötən il noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib.


Belə ki, Abutalıb Hüseynov 1989-cu il təvəllüdlü Xose Bernardo və onun qardaşı, 1988-ci il təvəllüdlü Rafael Hüseynovu mübahisə zəminində bıçaqlayıb.


Yaralıların hər ikisi 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.


Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub.


Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Abutalıb Hüseynov saxlanılıb.


Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib.


İstintaq orqanı tərəfindən Abutalıb Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top