Mağara adamları: “Hansı Əli Həsənov?”

GÜNDƏM 16 may 2020, 12:18

Ölkəmizin müstəqilliyi uğrunda xalq hərəkatında milli jurnalistikanın müstəsna rolu olub. “Azərbaycan”, “Azadlıq”, “Aydınlıq”, “7 gün” və sair qəzetlər bu mücadilənin önündə gedirdi. Ayrı-ayrı jurnalistlər tam haqla siyasi, ictimai xadim hesab olunur, cəmiyyətdə nüfuz sahibi idilər.

Belə hadisənin şahidiyəm. Məşhur jurnalist yad məclisə daxil olarkən, ev sahibi onu adı və soyadı ilə təqdim edir. Qonaqlardan biri heyrətlə “Həmin … ?”, – deyə soruşur.


O dövrün öz yaltaq yazarları çox idi. Bununla yanaşı, vicdanlı, savadlı, bilikli, bacarıqlı jurnalist də az deyildi. Amma qəzetçidən daha bir cəhət tələb olunurdu – qoçaqlıq. Çünki DTK fitnəkarlarının, hərbi senzuranın at oynatdıqları vaxt jurnalist nəinki öz işini, həmçinin sağlamlığını, azadlığını, hətta həyatını itirə bilərdi.


Belə taleyüklü məqamda Naxçıvanda bir məlumata görə universitet laborantı, digər mənbəyə əsasən isə pambıq tədarükü məntəqəsində qapançı işləmiş Əli Həsənov adlı bir dənəsi yaşayırdı. Tərs düşəndə yerimiz fürsətdən istifadə edib, uğrunda heç mübarizə aparmadığı müstəqil Azərbaycan dövlətində media üzərində baş menecer təyin edildi.


İnsanın zahiri görünüşünə gülmək yaxşı iş deyil. “Meymun” sözündən Məşədi İbad da haqlı olaraq incimişdi. Ə.Həsənovu görməmisənsə, şəklinə bax, amma fikrini gizlət. Hesab et ki, hesab 1:1-dir. Axı o da intellektini bacarıqla gizlədir…


Görünüş, danışıq qabiliyyəti – bir yana. Bəs adama vəzifə təklif edildikdə düşünməz ki, layiqdir, ya yox?!! Yəni, sən bu dərəcə …Əlisən ki, jurnalist, ictimai şəxs olmadığın halda mediaya rəhbər getməyə razılaşırsan? Ayıbdır!


Bu ayıb, bu biabırçılıq 25(!) ilə yaxın davam etdi.


Tərslikdən, Azərbaycan hakimiyyətində bir neçə başqa Əli Həsənov da var idi. Bu səbəbdən, hər dəfə “Əli Həsənov” dedikdə, soruşurdular:


– Hansı Əli Həsənov?


Məcbur olurdun konkretləşdirəsən:


– Jurnalistlərin evlərini satan Əli Həsənov.


Öz aramızdır, Əli bir o qədər də …əli deyildi. Deyildiyinə görə, cibinə də yığmışdı, qarnını da möhkəm doldurmuşdu. Vəzifədən çıxarıldıqdan sonra altını doldurub, ya doldurmayıb – onu deyə bilmərəm.(Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top