“Kürd Elnur” əməlindən peşman olub: “Bir də bu səhvlərə yol verməyəcəyəm” — VİDEO

KRİMİNAL 16 may 2020, 09:22

Xəbər verdiyimiz kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb.


Demokrat.az xəbər verir ki, “Kürd Elnur” kimi tanınan Elnur Abbasov istintaqa verdiyi ifadədə törətdiyi əməlləri etiraf edib və gördüyü işlərdən peşman olduğunu bildirib.


“Mən Abbasov Elnur Tofiq oğlu silah və narkotiklə tutulmuşam. Bu əməlimdən peşmanam. Sosial şəbəkələrdə haqqımda cinayətkarlığı təbliğ etməklə bağlı fikirlər yazılır.


Ona görə də peşmanam. Heç kimə məsləhət görmürəm ki, bu işin dalınca getsin. Qismət olarsa, etdiyim cinayətə görə cəzamı çəkib qayıdandan sonra bir də bu səhvlərə yol verməyəcəyəm”, - deyə “Kürd Elnur” bildirib.


Qeyd edək ki, Elnur Abbasovun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.


Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.


Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub.


Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.


Qeyd edilən xüsusatlarla bağlı Elnur Abbasov barəsində Baş İdarənin İsitintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.


Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(baku.ws)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top