"Azərbaycanın virusla mübarizəsini beynəlxalq təşkilatlar yüksək qiymətləndirilir" — Deputat

SİYASƏT 14 may 2020, 21:12

Bu gün Azərbaycan koronavirusla mübarizədə əhəmiyyətli dərəcədə uğurlar əldə edib.

 

Demokrat.az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

 

Deputat qeyd edib ki, ölkəmizin koronavirusla mübarizədə uğurlu nəticələr əldə etməsi həm də beynəlxalq təşkilatlar tərəfindən son dərəcə yüksək qiymətləndirilir:

 

"Dövlət başçımız ötən gün Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin​ və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışındakı nitqində də qeyd etdi ki, koronavirusla mübarizədə dövlətimiz nümunəvi yanaşma göstərir. Prezident çıxışında bildirdi ki, ölkəmizin pandemiya ilə apardığı mübarizəyə ən böyük qiymət məhz Azərbaycan xalqı tərəfindən verilir.​ Biz vətəndaşlarımızın dövlət başçımıza ünvanladığı təşəkkür məktublarında bunun əyani şəkildə şahidi olduq. Azərbaycanın apardığı uğurlu mübarizə həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı dövlətimizə artıq ikinci dəfədir ki, təşəkkür məktubu ünvanlayıb. Bütün bunlar ilk gündən indiyədək xalqımızın sağlamlığının qorunması istiqamətində atılmış uğurlu addımların təzahürüdür".

 

T.Cəfərova əlavə edib ki, dövlət başçımız qeyd etdi ki, bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil: "Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır. O ki qaldı, iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcək, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaq. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir. Artıq sirr deyil ki, bir çox ölkələrdə yüngül simptomlu xəstələri xəstəxanalara qəbul etmirlər. Onlara deyilir ki, gedin öz evinizdə qalın və faktiki olaraq onlar müalicəsiz qalırlar. Bizdə isə bütün xəstələri, bütün yoluxanları, hətta onun simptomu olmasa belə, mütləq xəstəxanalara qəbul edirik.

 

Ölkə rəhbərimiz çıxışında vətəndaşlarımızı məsuliyyətə və nizam-intizama daha ciddi şəkildə riayət etməyə də səslədi. Bildirdi ki,​ nəzarətedici mexanizm ölkəmizdə daha da təkmilləşdirilməlidir:

 

"Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək. Mən əminəm ki, biz buna nail olacağıq.

 

Mən də öz növbəmdə dövlət başçımızın çağırışına qoşularaq bütün vətəndaşlarımızı daha da məsuliyyətli olmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təkliflərinə riayət etməyə səsləyirəm. Çünki dövlətimizin əldə etdiyi uğurlu nəticənin məhz kökündə vətəndaşlarımızın məsuliyyətli dayanır. Əminəm ki, ən qısa zamanda biz bu bəlaya da qalib gələcəyik. Biz birlikdə güclüyük!".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top