Məhkəmə Dövlət Vergi Xidmətinin əməkdaşları barədə qərar verdi

KRİMİNAL 11 may 2020, 10:42

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.


Demokrat.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.


Azər Allahverdiyev və Cahid Tahirovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


İstintaq orqanı tərəfindən Azər Allahverdiyev və Cahid Tahirovun barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəlləri ilə ittiham irəli sürülüb.


İttihama görə, Azər Allahverdiyev və Cahid Tahirov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunublar.


Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.


Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.


Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.


Həmin cinayət əməlinin Azər Allahverdiyev və Cahid Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.


Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top