Bilgəhdə biznesmenlər arasında qanlı dava — Şok təfərrüat

KRİMİNAL 09 may 2020, 10:40

Bakıda pul borcu üstündə adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Ramid Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramid Rəhimovun tanışı, 41 yaşlı Tərlan Dadaşov 23 may 2017-ci il tarixdə, saat 10 radələrində ona zəng edib.


Ramid Rəhimov tanışı ilə telefon danışığı zamanı aralarında olan borc məsələsi ilə bağlı mübahisə ediblər. Aralarında yarandığından borc məbləğinin dəqiqləşdirilməsi üçün Ramid Rəhimov Tərlan Dadaşovu öz yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yerləşən nömrəsiz fərdi evin qarşısına çağırıb.


Ramid Rəhimovun çağırışı ilə Tərlan Dadaşov həmin evin qarşısına gəlib. Ramid Rəhimov özündə olan borc dəftərini Tərlan Dadaşova göstərib, ona 3.000 manat məbləğində borcu olduğunu bildirib.


Tərlan Dadaşov isə ona heç bir borcunun olmadığını deyib. Əksinə Ramid Rəhimovun ona borcu olduğunu bildiib.


Bundan sonra onlar arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı Tərlan Dadaşov Ramid Rəhimovun sifət nahiyyəsindən iki dəfə şillə ilə vurub.


Bu zaman Ramid Rəhimov Tərlan Dadaşov tərəfindən döyüləcəyindən qorxaraq yaşadığı evə daxil olub. O,  evin həyətyanı sahənin darvazasını bağlayıb.


Bundan sonra Tərlan Dadaşov darvazanı döyərək onun bayıra çağırmasını tələb edib, onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib.


Bundan qəzəblənən Ramid Rəhimov Tərlan Dadaşovu öldürmək qərarına gəlib. O, bu niyyətini həyata keçirmək üçün 2014-cü ilin iyun ayının əvvəllərində Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən zibillikdən tapdığı və uzun illər yaşadığı evin hamam otağının tavanında qanunsuz olaraq saxladığı “TO3-8” modelli tüfəng kəsiyini götürüb və bir ədəd patronla doldurub.


Ramid Rəhimov yaşadığı evin həyətyanı sahəsinin ön divarında olan kiçik ölçülü pəncərədən evin qarşısında dayanmış Tərlan Dadaşovun baş nahiyəsini nişan alaraq bir dəfə atəş açıb. O, Tərlan Dadaşova həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd xəsarət yetirib.


Bundan sonra Ramid Rəhimov Tərlan Dadaşovun uzaqlaşaraq küçənin girişinə doğru qaçdığını görüb. O,  öz cinayətkar niyyətini başa başa çatdırmaq üçün tüfəng kəsiyini yenidən bir ədəd patronla dolduraraq sonuncuya ikinci dəfə atəş açmaq üçün həyətyanı sahənin darvazasını açaraq bayıra çıxıb.


Lakin Tərlan Dadaşovu gözdən itirdiyindən ikinci atəşi aça bilməyib. Həmçinin Tərlan Dadaşovun dərhal xəstəxanaya çatdırılaraq üzərində təxirə salınmadan cərrahi əməliyyatlar aparılaraq həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib.


İstintaq orqanı tərəfindən Ramid Rəhimovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramid Rəhimov 11 il müddətinə azadlıqdn məhrum edilib.


Hökmdən narazı qalan Ramid Rəhimov apelyasiya şikayəti verib. O, qeyd edib ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli sübuta yetirilməyib. O, həmin maddə üzrə ona bəraət verilməsini istəyib.


Ramid Rəhimov ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi üzrə təyin olunan cəzasının daha yüngül cəza ilə əvəz olunmasını xahiş edib.


Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ramid Rəhimovun apelyasiya şikayəti təmin olunmayıb.


Bu qərardan narazı qalan Ramid Rəhimov kasasiya şikayəti verib. Ali Məhkəmədə kasasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib.


Qərara görə, Ramid Rəhimovun kasasiya şikayəti də təmin olunmayıb.


Qeyd edək ki, Ramid Rəhimov və Tərlan Dadaşov bizneslə məşğul olublar.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top