"Şuşadanam, amma Şuşanı görməmişəm" — Milli Məclisdə Şuşanın işğalından bəhs olundu

GÜNDƏM 08 may 2020, 12:31

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Sədr Sahibə Qafarova iclası açıq elan edəndən sonra dedi ki, bizim bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir. Xanım sədr bildirdi ki, bu gün Azərbaycanın Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının 28-ci ildönümü günündə keçirilir.


Sədr Şuşanın işğalı ilə bağlı fikirlərini bölüşdükdən sonra dedi ki, Şuşanın 22 min nəfərlik əhalisinin nümayəndəsi Milli Məclisin iclasında iştirak edir.


Bundan sonra S.Qafarova sözü məktəbli Əsra Məmmədliyə verdi. “Mən şuşadanam. Atam da, anam da, babam da, ulu babalarım da, opmnların əcdadları da Şuşadandır. Amma Şuşanı görməmişəm. Mən Şuşamız barədə ancaq atamdan, babamdan eşitmişəm”-deyən Ə.Məmmədli deputatlara xitab etdi.Yeniyetmə qız deputatlara üz tutaraq “xahiş edirəm, mənim səsimi dünyaya çatdırın. Qoy bilsinlər ki, Şuşadanam, amma Şuşanı görməmişəm”. 


Məktəbli qız çıxışını “Qarabağ Azərbaycandır” deyərək bitirdi. O çıxış etdikcə monitorda Şuşadan bəhs edən kadrlar təqdim olundu, kədərli musiqi səsləndirildi. Xanım deputatların bəziləri göz yaşlarını saxlaya bilmədi. Deputatlar yeniyetmənin çıxışını alqışlarla qarşıladılar.


Xanım sədr “bu sözlər bizim hamımızı təsirləndirdi” deyə, əlavə etdi. Bildirdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərabycanın işğal altındakı bütün əraziləri, həmçinin Şuşa şəhəri düşmən tapdağından azad ediləcək.


Bundan sonra Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.(musavat.com).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top