Özünü DTX, DİN və prokurorluq “işçisi” kimi təqdim edən şəxsin şok əməlləri — ÖZƏL

KRİMİNAL 05 may 2020, 09:55

Özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1991-ci il təvəllüdlü Əli Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli Abbasov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib və tanış olduğu Azər Cəfərovun vasitəsi ilə 7 oktyabr 2017-ci il tarixdə Gəncə şəhər Bağmanlar küçəsi 1-ci döngə, 2-ci dalan ev 8-də yaşayan İltifat Namazov ilə tanış olub.


O, sonuncuya kürəkəni Vüsal Atakişiyevin adına Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsindən sürücülük vəsiqəsi ala bilmək imkanına malik olduğu barədə yalan vədlər verib.


DTX əməkdaşı “Kəpəz”də 600 manat aldı


Əli Abbasov İltifat Namazovdan həmin gün, saat 13 radələrində ilkin olaraq Gəncə şəhər Nizami rayon Atatürk prospektində ondan 390 manat alıb. Sonra oktyabrın 10-da Vüsal Atakişiyevin vasitəsi ilə İltifat Namazovdan həmin ünvanda 120 manat alaraq ümumilikdə İltifat Namazova 510 manat ziyan vurub.


Bundan başqa, o, özünü DTX-nın əməkdaşı kimi təqdim eədərək QÜənbər Məmmədova Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsindən sürücülük vəsiqəsi ala bilmək imkanına malik olduğu barədə yalan vədlər verib. O, sonuncunu inandırmaqla Gəncə şəhər Nizami rayon M.A.Abbaszadə küçəsində yerləşən “Kəpəz” mehmanxanasında ondan 600 manat alıb.


Polis leytenantı vermək adı ilə dələduzluq


Daha sonra Əli Abbasov 25 mart 2018-ci il tarixdə Gəncə şəhər sakini Elzar Məmmədovla Gəncə şəhər Dədə Qorqud küçəsində yerləşən çayxanada tanış olub. O, Elzar Məmmədova özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Pərviz Aslanov adı ilə təqdim edib.


Əli Abbasov Elzar Məmmədovun oğlu Elmar Məmmədovu Daşkəsən rayon polis şöbəsinə polis leytenantı rütbəsi ilə işə qəbul etdirmək imkanının olduğunu, bunun üçündə ilkin olaraq işə qəbul olacaq Elmar Məmmədova sürücülük vəsiqəsi almağın vacib olmasını və bu sürücülük vəsiqəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinindən ala bilmək imkanına malik olduğunu söyləyib.


Polis olmaq istəyəni belə aldatdı?


Daha sonra Əli Abbasov Elzar Məmmədovdan ilkin olaraq martın 26-da Gəncə şəhər Nizami rayon 28 may küçəsində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının qarşısında 700 manat, martın 3-da Elmar Məmmədovun polis orqanına işə qəbul olunması ilə bağlı müsabiqədən keçmək adı altında Bakı şəhəri Azərbaycan prospekti 7 ünvanına yerləşən Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında sonucunun atası Elzar Məmmədovdan 300 manat, martın 31-də əlavə olaraq Elmar Məmmədovun adına alacağı sürücülük vəsiqəsinə Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsində D kateqoryası açdırmaq adı ilə zərərçəkmiş şəxs Elzar Məmmədovun kirayədə yaşadığı Gəncə şəhər Kəpəz rayonu Ü.Hacıbəyov küçəsi bina 11 ünvanının qarşısında 240 manat alıb.


DTX-nın adının verdi, bank işçilərini aldada bilmədi


Əli Abbasov tanışı Elçin Cahangirovun zaminliyi əsasında qeyri rəsmi formada ər arvad kimi yaşadığı Mərzə Həmzəyevanın adına qanunsuz yolla 1000 manat məbləğində kredit götürüb və göstərilən məbləğdə pulu əldə etdikdən sonra güya həmin pulu özü banka ödəyəcəyi barədə sonunculara yalan vədlər verib. O, 10 iyul 2018-ci il tarixdə, saat 15 radələrində Rabitəbank ASC-nin Gəncə şəhəri Kəpəz rayonunun inzibati ərazisində yerləşən Gəncə filalına yaxınlaşaraq özünü yüksək vəzifəli şəxslərin müşaviri kimi qələmə verib, Mərzə Həmzəyevanın adına 1000 manat məbləğində pulu bankdan almaq istəyib.


Bankın əməkdaşları onun hərəkətlərindən şübhələnərək Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verdiyindən iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib.


Özünü DİN-in vəzifəlisi kimi təqdim etdi


Bundan sonra Əli Abbasov 20 avqust 2018-ci il tarixdə Gəncə şəhər M.C.Paşayev küçəsi ev 99-da yaşayan Mizami Babazadə ilə Gəncə şəhər Mirzə Abbas Abbaszadə küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Poçtun inzibati binasının qarşısında görüşüb. O, Nizami Babazadəyə işsiz olan qardaşı Emin Babazadəni “Şəmkir Aqro Park” adlanan müəsissisəyə sürücü kimi işə qəbul etdirmək və bu işə qəbul olmaq üçün sonuncunun sürücülük vəsiqəsinə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsində “D” kateqiryası açdırmaq imkanlarının olması barədə yalan vədlər verib.


Əli Abbasov Nizami Babazadədən işə qəbul və sürücülük vəsiqəsinə kateqorya açmaq adı ilə həmin gün saat 19 radələrində ilkin olaraq görüşdükləri yerdə 70 manat, avqustun 21-də, saat 18 radələrində sonuncudan həmin yerdə 325 manat və 340 manat dəyərində 200 ABŞ dolları alıb.


Daha sonra Əli Abbasov 17 oktyabr 2018-ci il tarixdə Samux rayon polis şöbəsinin polisə ictimai dəstək xidmətində çalışan Samux rayonu İnstut qəsəbə sakini Gəncəli Əlizadəyə həmin qəsəbədə xidmətdə olan zaman özünu Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış idarəsinin əməkdaşı kimi təqdim edib. O, Gəncəli Əlizadə ilə tanış olduqdan sonra sonuncuya Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinindən sürücülük vəsiqəsi ala bilmək imkanına malik olduğu barədə yalan vədlər veribş


Əli Abbasov oktyabrın 18-də, saat 11 radələrində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının qarşısında Gəncəli Əlizadədən 700 manat alaraq ələ keçirib.


Sonda prokurluq işçisi oldu


Bundan başqa Əli Abbasov 26 oktyabr 2018-ci il tarixdə Daşkəsən rayonunun inzibati ərazisində yerləşən Qaz İstismar İdarəsinin həyətində həmin idarədə çilingər işləyən Daşkəsən rayon Mollahəsənli kənd sakini Əvəz Rzayevə özünü prokurorluq orqanının Pərviz adlı əməkdaşı kimi təqdim edib. O, Əvəz Rzayevlə tanış olduqdan sonra sonuncunun vasitəsi ilə həmin gün Daşkəsən rayon Məhkəməsinin inzibati binasının qarşısında Rövşən Əsgərov ilə tanış olib.


Əli Abbasov Rövşən Əsgərovu Şəmkir rayonunda tanışının şirkətinə işə qəbul etdirmək imkanının olduğunun, bunun üçündə ilkin olaraq sürücülük vəsiqəsi almağın vacib olduğunu və bu sürücülük vəsiqəsini Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsindən ala bilmək imkanına malik olduğu barədə yalan vədlər verib. O, Rövşən Əsgərovdan oktyabrın 26-da Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının qarşısında 700 manat alıb.


Əli Abbasov 2 noyabr 2018-ci il tarixdə tanış olduğu Rövşən İsmayılovu “Şəmkir Aqro Park” adlanan müəsissisəyə sürücü kimi işə qəbul etdirmək və bu işə qəbul olmaq üçün sonuncunun sürücülük vəsiqəsinə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinində “D” kateqoriyası açdırmaq imkanlarının olması barədə yalan vədlər verib, O, noyabrın 3-də Rövşən İsmayılovdan 660 manat alaraq, ona qarşı dələduzluq edib.


Bu əməllərinə görə həbs edildi


İstintaq orqanı tərəfindən Əli Abbasovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 29,178.2.2-ci (təkrar dələduzluq törətməyə cəhd) maddələri ilə ittiham elan edilib.


Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə Əli Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 23 yanvar 2019-cu il tarixdən hesablanması müəyyən edilib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.


Hökmdən narazı qalan zərərçəkmiş və mülki iddiaçı İltifat Namazov apelyasiya şikayəti verib. Zərərçəkmiş şəxs apelyasiya şikayətində qeyd edib ki, işə yenidən baxılaraq ona dəymiş ziyan ödənilməsi təmin edilsin.


İltifat Namazovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, zərərçəkmişin şikayəti təmin olunmayıb. Ona mülki mühakimə üsulu qaydasında mülki iddia ilə ona vurulmuş maddi ziyanla bağlı birinci instansiya məhkəməsində iddia qaldırmaq hüquqları izah edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top